“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado ehtiyat oyunçu rolundan narazıdır və yayda komandadan ayrılmaq variantını nəzərdən keçirir.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçi Hans-Diter Flik ispaniyalı ilə şəxsi söhbət apararaq, ona komandadakı vəziyyəti izah edib.
Almaniyalı mütəxəssis bildirib ki, hazırda Pedri, Frenki de Yonq, Qavi və Mark Bernal ondan daha üstün seçim hesab olunur. Kasado Flikin səmimi və açıq danışığını müsbət qarşılayıb.
“Barselona” rəhbərliyi isə 22 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir və onun satışında israr etmir.
Kasadonun gələcəyi əsasən öz qərarından asılı olacaq, o, transferini tələb etməsə, klubdan ayrılmayacaq.
Yaxın həftələrdə futbolçunun agentlərinin klubun idman direktoru Deku ilə görüşərək, onun gələcəyini müzakirə edəcəyi gözlənilir.

