Niderland millisinin baş məşqçisi Ronald Kuman, “Barselona”nın Robert Levandovskidən sonra hücum xəttini necə formalaşdırmalı olduğu barədə fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, vaxtilə həm futbolçu kimi, həm də baş məşqçi olaraq “Barselona”da çalışmış niderlandlı polşalı forvardın gedişindən sonra klubun yeni qolçu axtarmalı olduğunu bildirib:
“Levandovski həmişə top-səviyyəli bombardir olub və hər böyük kluba belə hücumçu lazımdır. Buna görə də, “Barselona” yeni forvard tapmalıdır”.
Kuman, hazırkı heyətdə Ferran Torresin pis çıxış etmədiyini vurğulasa da, komandanın daha məhsuldar hücumçuya ehtiyacı olduğunu qeyd edib:
“Ferran Torres işinin öhdəsindən yaxşı gəlir, amma hər şey komandaya hansı tip hücumçunun lazım olmasından asılıdır.
Məncə, onlar mövsümdə 20-25 qol vura biləcək futbolçu transfer etməlidirlər. Elə biri ki, qolları ilə komandaya xal qazandırsın”.
37 yaşlı Levandovski mövsümün sonunda azad agent kimi klubdan ayrılacaq.

