“Real”da Xabi Alonsonun baş məşqçi postunu tərk etməsinin yeni detalları üzə çıxıb.
İspaniyalı mütəxəssis yanvarın 12-də klubla qarşılıqlı razılaşma əsasında vəzifəsindən ayrılıb.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, Alonso ilə futbolçular arasındakı fikir ayrılıqları hələ noyabrda açıq şəkildə hiss olunmağa başlayıb.
Məşqlərdən birində Xabi Alonso emosiyalarına hakim ola bilməyərək belə deyib:
“Mən bilmirdim ki, uşaq bağçasını çalışdıracam!”
Alonso artıq bir müddət idi ki, futbolçuların məşqlərdə, xüsusilə, taktiki tapşırıqların icrasında onun tələblərinə əməl etməməsindən narazı idi. O, hər məşqdə detallara xüsusi diqqət yetirirdi.
Futbolçular isə taktiki məşqləri həddindən artıq ağır hesab edir, onlara çoxlu informasiya yükləndiyini düşünürdülər.
Üstəlik, məşq prosesinə təkcə baş məşqçi yox, köməkçilər də ciddi nəzarət edirdi. Bu da oyunçuların özlərini narahat və sıxılmış hiss etməsinə səbəb olurdu.
Komandanın əksər üzvləri sonda Alonsonu dəstəkləyib və əvvəllər qəbul etmədikləri ideyalara açıq olmağa başlayıblar.
Xabi münasibətləri düzəltməyə çalışıb və bəzi qaydaları yumşaldıb. Ancaq bütün futbolçular eyni mövqedə olmayıb.
Xüsusilə, Vinisius Juniorun Alonsoya sosial şəbəkədə vida etmədiyi və bunu etməyi planlaşdırmadığı bildirilir. Braziliyalı vinger məşqçinin ideyalarını qəbul etməyən oyunçular arasında göstərilir.
Bundan əlavə, Alonso bəzi futbolçuların özlərinə lazımi qədər diqqət yetirmədiyini, pəhrizə əməl etmədiyini düşünüb.
Onu narahat edən əsas məqamlardan biri də paltardəyişmə otağından mediaya məlumat sızmaları olub.

