
“Atletik”in vingeri Niko Uilyams son günlərdə “Barselona”ya mümkün keçidi ilə gündəmdə idi. Anacaq o, bu ehtimaldan imtina edərək, Bilbao təmsilçisi ilə 10 illik yeni müqavilə imzalayıb.
Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, ötən həftə restoranların birində “Barselona” azarkeşlərindən biri klub prezidenti Xuan Laportaya Uilyamsın vəziyyəti ilə bağlı sual ünvanlayıb.
Laporta bu məsələ ilə bağlı açıq şəkildə danışıb:
“Onun menecerinin futbolçunun azad agent kimi müqaviləyə daxil edilməsi ilə bağlı istəyinə razı olmadıq.
Biz 60 milyon avro ödəyib, sonra da oyunçunun pulsuz ayrılmasına imkan verə bilmərik. Bu, baş verməyəcək”.
Bundan əvvəl yayılan xəbərlərdə iddia olunurdu ki, Uilyamsın agenti “Barselona”dan müqaviləyə qeyd daxil edilməsini istəyib.
Bu qeydə əsasən, Kataloniya klubu onu qeydiyyatdan keçirə bilməsə, ispaniyalı futbolçu azad agent kimi ayrılmaq hüququna malik olacaqdı.