Uzun illər çemionluq həsrəti içində qovrulanlar

9 İyul 2020 16:00 İngiltərə 545
Uzun illər çemionluq həsrəti içində qovrulanlar

Heç şübhəsiz, “Liverpul”un 30 ildən sonra İngiltərə çempionu olması cari mövsümə damğa vuran hadisələrdən biridir.

İşinin ustası olan Yürgen Klopp möhtəşəm komanda yaratmağı bacardı.

Ötən mövsüm Avropanı fəth edən “qırmızılar” bu il İngiltərədə də arzuladığı uğuru qazandılar. Azarkeşlərin çempionluq həsrəti bitdi. Avropanın aparıcı çempionatlarında zəfəri uzun illər gözləyən klubların sayı kifayət qədərdir. Bu həsrəti uzun illər yaşayan bəziAvropa klublarınə tanıyaq.

“Mançester Siti” (44 il)

Mançester təmsilçisi son illərdə dünyanın ən varlı klublarından birinə çevrilib. Müasir futbolda pul varsa, titullar da olacaq. Şeyxlər ulduz oyunçularla yanaşı, tanınmış məşqçiləri də komandaya gətirməyə başladılar. Pep Qvardioladan əvvəl Roberto Mançini və Manuel Pelleqrininin də MS-yə başçılıq etdiyini xatırlatmağa dəyər. Nəticədə “şəhərlilər” ard-arda titullar qazanmağa başladılar. Hazırda klub, oynadığı bütün turnirlərin favoriti sayılır. Bəziləri “Siti”nin zəngin ənənələrə sahib olmadığını düşünə bilər. Əlbəttə, bu klub “Mançester Yunayted” və ya “Liverpul” kimi tarixə malik deyil. Amma “mavilər”in 1968-ci ildə İngiltərə çempionu olduğunu vurğulamağa dəyər. Klub uzun illər Premyer Liqada zəfər həsrətində idi. 2012-ci ildə azarkeşlərin bu həsrətinə Roberto Mançini son qoymağı bacardı. Dramatik çempionluqla tarixə düşən “Siti”nin yüksəlişi məhz qeyd olunan dönəmdən başladı. Həmin dövrdən bəri, komanda artıq 4 dəfə İngiltərənin ən güclüsü olmağı bacarıb. Hazırda rəhbərliyin əsas hədəfi ÇL-i qazanmaqdır.

“Roma” (18)

“Roma” İtaliyanın ən qədim klublarından biri sayılır. Amma paytaxt təmsilçisinin A seriyasında qazandığı zəfərlərin sayı çox deyil. “Canavarlar” cəmi 3 dəfə ölkə çempionu olmağı bacarıblar. Əvəzində onlar 13 dəfə (!) mövsümü ikinci sırada başa vurublar. Bəzən bəxt komandadan üz döndərib, hərdən rəqiblər daha güclü olublar. 80-ci illərdə “Roma”nın əla heyəti var idi. Hücum xəttində İtaliyada dövrün ən güclü forvardlarından biri olan Roberto Prutso qərarlaşmışdı. Yarımmüdafiə xəttində Karlo Ançelotti və braziliyalı Falkao parlaq oyun göstərirdi. Bruno Konti isə “Roma”nın oyununa xüsusi rəng qatırdı. Nəticədə paytaxt klubu 1983-cü ildə “Yuventus”u qabaqlayaraq, A seriyasının zirvəsinə qalxdı. Nils Lidholmun komandasının çempionluğundan sonra romalılar 18 il gözləməli oldular. Əzəli rəqib “Latsio”nun 2000-ci ildə İtaliya çempionu olması “canavarlar”ı, belə desək, əsəbiləşdirdi. Bir il sonra Fabio Kapellonun rəhbərliyi altında “Roma” yenidən zirvəyə yüksəlməyi bacardı. Həmin dövrdə klubun heyətində Tottidən savayı Batistuta, Kafu, Montella, Samuel və Emerson kimi ulduzlar çıxış edirdilər.

“Borussiya” D (32)
Dortmund təmsilçisinin tarixi, enişlər və yoxuşlarla zəngindir. Təbii ki, klubun tarixinin ən parlaq dövrlərindən biri 90-cı illərə təsadüf edir. 1995-ci ildə Ottmar Hitsfeldin komandası 32 illik fasilədən sonra Almaniya çempionu olmağı bacardı. 1997-ci ildə isə “Borussiya” ÇL-də uğur qazandı. Dortmund təmsilçisi sonuncu dəfə 1963-cü ildə Almaniyanın ən güclüsü olmağı bacarmışdı. Ötən əsrin sonlarında əldə olunan uğurları məşqçinin adı ilə bağlamaq olar. Hitsfeldin komandanın başına gəlişi “Borussiya”nın tarixini dəyişdi. Əlbəttə, həmin vaxt heyət də güclü oyunçulardan qurulmuşdu. Komandanın lideri 1996-cı ildə “Qızıl top”u qazanan Mattias Zammer idi. Hitsfeldin gedişindən sonra isə dortmundlularda yenidən eniş başladı. “Borussiya” bir daha həmin gücünü Yurgen Kloppun rəhbərliyi altında qaytara bildi. İstedadlı mütəxəssis klubu ardıcıl iki dəfə Bundesliqada çempion etdi, 2013-cü ildə isə “Borussiya” ÇL-in finalına yüksəldi.

PSJ (19)

PSJ-ni bu mənada “Siti”yə bənzətmək olar. Paris təmsilçisi şeyxlərin gəlişindən sonra son 10 ildə Fransada hegemonluğu ələ keçirib. Müasir dövrə qədər PSJ cəmi iki dəfə Fransa çempionu olmuşdu. Sonuncu zəfər 1994-cü ilə təsadüf edir. Mövsüm ərzində cəmi üç dəfə uduzan PSJ Fransanın ən güclüsü olmağı bacarmışdı. Həmin dövrdə klubun heyətində Vea - Jinola tandemi parlaq oyun göstərirdi. Parislilər növbəti çempionluğu görmək üçün 19 il gözləməli oldular. 2013-cü ildə PSJ Fransada bütün rəqiblərini qabaqlamağı bacardı. Bu çempionluqdan sonra klubun tarixində yeni dövrün başladığını demək olar. Ötən 7 il ərzində cəmi 1 dəfə “Monako” parislilərin seriyasını qıra bilib. Son 3 mövsümdə çempion olan PSJ, şeyxlərin gəlişindən sonra ümumilikdə 7 dəfə Fransanın ən güclüsü olmağı bacarıb.

“Atletiko” (19)

Madrid təmsilçisi İspaniyanın ən zəngin tarixə malik klublarından biridir. “Atletiko” 10 dəfə ölkə çempionu olmağı bacarıb. 70-ci illərdə komanda parlaq oyun nümayiş etdirirdi. “Atletiko” 1970, 1973 və 1977-ci illərdə İspaniya çempionu olmağı bacarmışdı. 70-ci illərin sonlarında komandaya əfsanəvi Luis Araqones rəhbərlik edirdi. İspaniya yığmasının yüksəlişi də onun adı ilə bağlıdır. 2008-ci ildə məhz təcrübəli mütəxəssisin rəhbərliyi altında yığma qitə çempionu olmağı bacardı. Bu uğurdan sonra ispanlar bir müddət dünya futbolunda hegemonluq etməyə başladılar. Araqonesin 1977-ci ildə “Atletiko”ya qazandırdığı çempionluqdan sonra uzun fasilə yarandı. 1996-cı ildə madridlilər yenidən La Liqada zəfər yaşamağı bacardılar. Mövsümə əla başlayan komanda son tura qədər zirvədən enmədi. Klubun heyətində Milinko Pantiç, Lyuboslav Penev və Dieqo Simeone kimi ulduzlar çıxış edirdilər. Radomir Antiçin komandası çempionluqla kifayətlənmədi. “Atletiko” ölkə kubokuna da sahib oldu. Son illərdə Simeonenin rəhbərliyi altında tarixinin ən uğurlu dövrlərindən birini yaşayan Madrid klubu 2014-cü ildə bu uğuru təkrarlamağı bacardı (kaspi.az).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!