
“Liverpul”un baş məşqçisi Arne Slot almaniyalı yarımmüdafiəçi Florian Virts barədə danışıb.
22 yaşlı futbolçu bu yay Leverkuzen “Bayer”indən 116 milyon funt sterlinqə transfer olunub.
O, Mersisayd təmsilçisinin heyətində keçirdiyi 10 oyunda 1 məhsuldar ötürmə verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Slot belə böyük məbləğə transfer olunan oyunçudan ilk baxışda yalnız qol və məhsuldar ötürmələr gözlənildiyini bildirib:
“Amma demək olar ki, onun artıq 6-7 məhsuldar ötürməsi olmalı idi. Məsələn, “Çelsi” ilə oyunda əla ötürməsini Salah qolla tamamlaya bilmədi.
Məhəmməd belə vəziyyətlərdə 99 faiz fərqlənir. Əvvəl isə Salah Çempionlar Liqası oyununda Virtsin ötürməsini dirəyə vurmuşdu. Onun sadəcə şansı çatışmırdı”.
Slot əlavə edib ki, 22 yaşlı oyunçunun başqa ölkədə və xüsusilə, İngiltərə Premyer Liqasında uyğunlaşma prosesi normaldır.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.