Premyer Liqa klubları bu qədər pulu necə qazanır?

11 Fevral 2022 17:40 İngiltərə 1 535
Premyer Liqa klubları bu qədər pulu necə qazanır?

İngiltərə Premyer Liqasında yayım hüquqlarından əldə ediləcək gəlir növbəti üç mövsüm ərzində fantastik həddə yüksələcək.

Gəlirlər ilk dəfə olaraq 10 milyard funt-sterlinqə (13,5 milyard dollar) çatacaq.

Premyer Liqanın yayım hüququ xaricə daha baha satılacaq. Bu barədə Londonda səhmdarların iclasında klub rəhbərlərinə təqdim olunan məlumatlara istinadən “Financial Times” məlumat yayıb.

Hesablamalara görə, 2022-2025-ci illərdə xaricdəki yayımçılardan 5,3 milyard, Böyük Britaniyadakı yerli yayımçılardan isə 5,1 milyard funt sterlinq əldə ediləcək.

Əvvəlki üç illik dövrədə Premyer Liqa 4,1 milyard funt sterlinq qazanmışdı.

2019-cu ildə Premyer Liqaya maliyyə ayrılması qaydalarına edilən dəyişikliyə uyğun olaraq, xaricdəki sövdələşmələrin artması ən çox top-klublara fayda verəcək.

Gəlirlərin artmasından sonra cari mövsümdə çempion olacaq komanda 176 milyon funt sterlinq (238,6 milyon dollar) qazanacaq. Ötən mövsüm isə bu rəqəm 153 milyon funt-sterlinq olub.

Premyer Liqada sonuncu yeri tutacaq komandanın gəliri isə 106 milyon funta (131,5 milyon dollar) yüksələcək. Ötən mövsüm isə sonuncu pillənin sahibi 97 milyon funt qazanırdı.

Yayım hüququnun xaricə satılması zamanı artan gəlirlər komandaların çempionatda tutduqları yerə görə bölünəcək.

2022-ci ildən etibarən Premyer Liqada birinci yeri tutan komanda əlavə 25 milyon funt sterlinq (33,8 milyon dollar) alacaq.

Son pillədə qərarlaşacaq komanda isə 9 milyon funt sterlinq (12,2 milyon dollar) əlavə gəlir əldə edəcək.

Natiq Muxtarlı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti