
«Mənim indiki vaxtda ora getmək fikrim yoxdur. Təklif də gəlsə, qəbul etməyəcəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şamaxı»nın sabiq baş məşqçisi Ramiz Məmmədov deyib.
«Pro» kateqoriyalı mütəxəssis gələn mövsümdən Premyer Liqada çıxış etməsi gözlənilən «Karvan»ın sükanı arxasına keçəcəyi yönündə yayılan xəbərlərə münasibət bildirib.
Təcrübəli çalışdırıcı hazırda I Liqada mübarizə aparan Yevlax klubu ilə heç bir təmasının olmadığını söyləyib:
«Karvan»da Kənan Kərimov işləyir. O. neçə ildir oradadır.
Bu klub üçün böyük əziyyətlər çəkmiş məşqçidir. Onun «Karvan» üçün gördüyü işləri heç kim itirə bilməz.
Mənim klubun rəhbərliyi ilə bugünədək heç bir əlaqəm olmayıb. Çox istərdim ki, gələn mövsüm Premyer Liqada oynasınlar.
Əgər «Karvan» Premyer Liqada olacaqsa, onun baş məşqçisi olmağa ən layiqli namizəd elə Kənan Kərimovdur. Savadlı və çalışqan məşqçidir.
Kənan müəllimin sayəsində komanda Birinci Liqada ikinci yerə qədər yüksəlib. «Karvan» Premyer Liqaya buraxılırsa, ora başqa məşqçi gəlməməlidir.
Rəhbərlik yenə Kənan müəllimə etimad göstərməlidir. Mən elə bunu da gözləyirəm.
İnanıram ki, o, «Karvan»la Premyer Liqada da öz sözünü deyəcək, yaxşı komanda yaradacaq. Onun böyük məşqçi potensialı var.
Biz belə gənc məşqçiləri futbola qazandırmalıyıq, hamılıqla dəstək olmalıyıq».