"Azərbaycan heç bir dəhlizi bloklamayıb" - İlham Əliyevdən Paşinyana sərt sözlər

26 May 2023 08:50 Hadisə 1 224
"Azərbaycan heç bir dəhlizi bloklamayıb" - İlham Əliyevdən Paşinyana sərt sözlər

Xəbər verdiyimiz kimi, Ali Avrasiya İqtisadi Şurasının iclasının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırıb. Bundan başqa o, Laçın yolunun Azərbaycan tərəfindən bağlandığını idda edib.

Həmin iclasda qonaq qismində qatılan Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın bu iddialarını cavabsız qoymayıb:

“Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var.

Ermənistanın baş nazirinin sözlərində yenə ittiham səsləndi. Əgər Siz diqqət etdinizsə, nə çıxış zamanı, nə də replika zamanı mənim sözlərimdə heç bir ittiham yox idi. Amma mən bunu, sadəcə, cavabsız qoya bilmərəm. Başa düşürəm, biz diskussiyanı bir az başqa istiqamətə aparırıq, hərçənd düşünürəm ki, bu, bir çoxları üçün maraqlıdır. İcazənizlə cavab verim və deyim ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”.

Prezidentin çıxışından sonra Paşinayan cavab tapmaqda çətinlik çəkib. O bildirib ki, ilk dəfədir Rusiyanın bu layihəni dəstəklədiyini eşidir.

Digər Xəbərlər
Xəbər Lenti