COP29

"Sülhməramlıların Qarabağdan çıxarılması davamlı sülhə gətirə bilər"

21 May 19:30 Gündəm 311
"Sülhməramlıların Qarabağdan çıxarılması davamlı sülhə gətirə bilər"

"Rusiya Azərbaycanın Qarabağ bölgəsindən 2000-ə yaxın sülhməramlısını çıxarıb.

Bu gözlənilməz addım Azərbaycan və Ermənistan arasında davam edən normallaşmaya töhfə verə bilər".

Bu barədə "International Policy Digest" nəşrində dərc olunan "Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması davamlı sülhə gətirə bilər" adlı məqalədə bildirilib.

Krişna Nagın müəllifi olduğu araşdırmada 2020-ci ildə iki ölkə arasında atəşkəs razılaşmasının şərtlərinə əsasən, bölgədə 1960 Rusiya hərbçisi, yüzlərlə zirehli transportyor və digər hərbi texnika yerləşdirildiyi və sülhməramlı mandatın 2025-ci ilin noyabrında başa çatmalı olduğu xatırladılıb:

"Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan dağlıq bölgə, Sovet İttifaqının son günlərində başlayan Birinci Qarabağ müharibəsindən sonra təxminən 30 il ərzində Ermənistan tərəfindən işğal edilib. Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında sülhməramlı kontingentin müdaxilə etmədiyi antiterror tədbirləri nəticəsində əraziyə nəzarəti bərpa edib. Bundan altı ay sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlandığını təsdiqləyib. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatı təsdiqləyib. "2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib", - deyə o, AZƏRTAC informasiya agentliyinə münasibət bildirib".

Müəllif sülhməramlı kontingentin çıxarılmasının Rusiya ilə onun müttəfiqi Ermənistan arasında artan fikir ayrılığı fonunda baş verdiyinə diqqət çəkib:

"Ermənistan bu yaxınlarda Rusiyanın KTMT hərbi blokuna üzvlüyünü dayandırmaqla və ABŞ ilə birgə hərbi təlimlər keçirməklə Moskvadan uzaqlaşıb. İrəvan həm də Avropa İttifaqı ilə daha sıx inteqrasiyaya can atır. Bu yenidənqurma Azərbaycan və Ermənistana fikir ayrılıqlarını kənar müdaxilə olmadan birbaşa həll etmək imkanı verir. Bu yaxınlarda Bakı ilə İrəvan arasında dörd sərhəd kəndinin Azərbaycanın nəzarətinə verilməsi və iki ölkə arasında ilk sərhəd dirəklərinin quraşdırılması ilə bağlı razılaşma heç kimin iştirakı olmadan əldə edilib. Ötən ildən qəbul edilən Azərbaycan və Ermənistan münasibətlərinə qarışmamaq kimi Qərb yanaşması ümidverici görünür.

Sovet İttifaqının dağılmasını tənzimləyən 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan ümumi sərhədin müəyyənləşdirilməsinə dair konsensus xüsusilə ümidvericidir. Azərbaycanı Naxçıvanla birləşdirən Ermənistan ərazisindən keçən nəqliyyat marşrutu olan Zəngəzur dəhlizi mübahisəli məsələ olaraq qalır. Buna baxmayaraq, Azərbaycan 2020-ci il bəyanatında nəzərdə tutulduğu kimi, Ermənistan ərazisinin 34 kilometrlik zolağı ilə Naxçıvanı Azərbaycandan ayıran avtomobil və dəmir yolunun birgə tikintisini dəstəkləyir. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın "Die Zeit" qəzetinə müsahibəsinə belə deyib: "Ermənistan təcrid vəziyyətindən çıxa bilər. O, tranzit haqlarını toplaya və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər". E.Əmirbəyov əlavə edib ki, əgər Ermənistan bu təklifi rədd etsə, biz də İrandan cənuba doğru avtomobil və dəmir yolu çəkə bilərik ki, bu da cəmi 10 kilometr uzun olar".

Krişna Nag iki ölkə arasında əməkdaşlığa ciddi təkan kimi keçən ilin dekabrında, Ermənistanın Azərbaycanın bu il Bakıda COP29 konfransına ev sahibliyi etmək təklifini dəstəkləməsini göstərib.

"İki qonşu arasında bu ilk beynəlxalq dəstək jesti onu göstərir ki, kənar güclər öz geosiyasi planlarını sırımaqdan çəkindiyi təqdirdə regional əməkdaşlıq mümkündür. Fransa kimi ölkələr Cənubi Qafqaza müdaxilə etməmək siyasətini davam etdirməli, Azərbaycan, Ermənistan və Gürcüstana əməkdaşlıq etmələrinə, fikir ayrılıqlarını özlərinin həll etmələrinə imkan verməlidirlər. Bu yanaşma Şərqlə Qərbin qovşağında yerləşən regiona sülh gətirə bilər", - deyə müəllif sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"