Beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başladı

4 Fevral 2023 12:10 Gündəm 227
Beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başladı

Geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Səyahətçilər bu gün Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət edəcəklər.

30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir.

Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.

Beynəlxalq səyahətçilər qrupunda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünyamiqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.

Qeyd edək ki, bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?