“Ərəb qışı” başladı: Səudiyyədə işlər dayandırıldı, xalq küçələrə çıxır...

23 Noyabr 16:20 Gündəm 359
“Ərəb qışı” başladı: Səudiyyədə işlər dayandırıldı, xalq küçələrə çıxır...

Səudiyyə Ərəbistanı millisinin Argentinanı yanıüstə qoyması təəccüblü deyildi.

Baxmayaraq ki, bu nəticəni statistiklər artıq “Qətər mundialının ilk sensasiyası” kimi qiymətləndirirlər.

Yadıma 1982-ci il İspaniyadakı dünya çempionatında Əlcəzairin qrupdakı ilk oyunda Federativ Almaniyanı (AFR) məğlub etməsi düşdü. Sensasiya bu idi! Almaniya Əlzəcairə 2:1 uduzmuşdu!

Həmin çempionatda SSRİ millisi də vardı, amma Paola Rossinin oynadığı İtaliya millisinə (çempion da onlar oldular) azarkeşlik etməmək mümkünsüz idi. AFR-ə qalib gələn Əlcəzair məni və 10 yaşlı tay-tuşlarımı daha çox cəlb etmişdi ki, bu da səbəbsiz deyildi. Əlcəzairin heyətində tanış adlar vardı- Mehdi, Əsəd...Bizim məhəllə uşağının da atasının adı Əsəd idi və bütün çempionat boyu bu ad dilimizdən düşmədi. Əlcazairə azarkeşlik onunla bitdi ki, 3 oyunun ikisində qalib gəlsə də, qrupdan top fərqinə görə çıxa bilmədi. AFR isə finala kimi getdi. İndi Messi Argentinasının uduzmasına “finala kimi gedəcəyinin” işarəti kimi baxanlar da var. Bəlkə də. Mənə qalarsa, çətin...

445.jpg (114 KB)

Rusiyada keçirilən bundan əvvəlki dünya çempionatının açılış matçında ruslar Səudiyyənin qapısında 5 cavabsız top keçirmişdi. ( O vaxt da deyirdilər ki, bəs, Putin vəliəhd Salmanla dostdur, komanda qəsdən də uduza bilərdi). 2018-də Səudiyyə ilə yanaşı, ərəb ölkələrindən Misir, Mərakeş və Tunis də vardı. Danimarka ilə bu gün heç-heçə edən Tunis Rusiyada ilk oyunu ingilislərə qarşı keçirmişdi və yalnız Qari Keynin 90+1-də vurduğu top sayəsində (2:1) qalibiyyət əldə etmişdi. Daha bir ərəb komandası Misir isə heyətində Məhəmməd Salah kimi hücumçu olmasına baxmayaraq, mundialı erkən tərk etdi. Mərakeş də öz qrupunda sonuncu yerlə kifayətlənməli oldu.

334.jpg (162 KB)

Bu mundialda Misir yoxdur. Ərəb dünyasını Qətər, Səudiyyə Ərəbistanı, Mərakeş və Tunis təmsil edir. Qətər futbolçuları ilk oyunda “qatır kimi” meydanda sağa-sola qaçmaqla canlarını qapılarına buraxdıqları 2 topla qurtardılar. Qarşıdakı oyunlarda millinin “inqilabi dönüş” etməsi də gözlənilmir, çünki komandada pul var, amma ruh yoxdur. Səudiyyə bu gün pulun gücünə yox, ruhuna görə qalib gəldi.

22.jpg (136 KB)

Ötən yazımda da ötəri qeyd etmişdim ki, ərəb( həm də müsəlman) dünyasına baxışı dəyişməlidir. Argentina bu gün həm də ona görə uduzdu ki, “əşi, ərəblərdir, çıxıb 3-4 top vurarıq” fikirləşirdilər. Halbuki seçmə mərhələdə səudiyyəlilər 20 xal toplayaraq mundiala qrupdan ikinci vəsiqəni qazanmışdılar. Ötən il 28 illik aradan sonra Amerika Kubokunu qazanmış Argentinanın ilk oyunda arzusu daşa dəydi. Mənə görə, ərəblərin qapısına təyin edilən və Messinin ustalıqla qapıya diyirlədiyi penalti də şübhəli idi. Bütün Səudiyyə komandasının klublarda oynayan oyunçularının toplam qiyməti tək Messinin transfer qiymətinin yarısı qədərdirsə, bu millini Messi necə ciddiyə alsın axı? Yeri gəlmişkən, Polşa millisindən Levandovskinin Meksikanın qapısına vura bilmədiyi penalti bu günün ulduzlar üçün düşərli olmadığını göstərdi...

1.jpg (72 KB)

Ola bilsin, ərəblərə motivasiya verən başqa səbəblər də olub. Messinin komandasına qalib gəlmək indi hər cür mükafata layiqdir və Səudiyyə vəlihədi xəsislik etməyib, ölkədə 1 günlük bayram elan edilib, iş yerləri sabah bağlı olacaq, ölkə bu qələbəni qeyd edəcək. Halallarıdır...

Tunis “sərt qoz” danimarkalılara bu gün qalib gələ də bilərdilər. Onlar da bu gün iddialarını ortaya qoydular. Mərakeş Belçika, Xorvatiya(və Kanada) kimi millilərlə bir qrupda oynayacaq. İlk sınaqları Xorvatiya millisinə qarşı olacaq, onların da oyunlarına baxaq. Bəlkə də Qətərdə bu dəfə “ərəb baharı” deyil, əsl “ərəb qışı” yaşandı. Kim bilir...

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar