Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc qazandı

4 İyul 01:10 Güləş 456
Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc qazandı

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.

Sportinfo.az xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub. Ramik Heybətov (61 kq) ilk görüşdə kosovolu Fatlum Brakaya heç bir şans tanımayıb - 13:0.

Heybətov 1/4 finalda almaniyalı Marsel Vaqini üstələyib - 4:2. Ancaq yarımfinalda fransalı Xamzat Arsamerzoyevə sonuncu xal prinsipinə əsasən məğlub olub - 3:3.

Ramik türkiyəli Abdullah Topraka minimal fərqlə (1:0) qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.

Cəbrayıl Qadjiyev (74 kq) yunan Georgios Terzidisə (10:0) və Luka Finizioya (11:0) tam üstünlüklə qalib gəlib. Qadjiyev 1/4 finalda rumıniyalı Kristian Birodan güclü olub - 6:2.

Yarımfinalda türkiyəli Muhammed Özmuşu 7:0 hesabıyla məğlub edən təmsilçimiz adını finala yazdırıb. Cəbrayıl finalda moldovalı Georgi Karayla qarşılaşıb.

Rəqibinə tam üstünlüklə (11:0) qalib gələn Qadjiyev 2-ci dəfə Avropa çempionu olub.

Cəbrayıl ötən il Dortmundda keçirilən analoji yarışda da Avropa çempionatının qızıl medalına sahib çıxmışdı.

Fərid Cabbarov (86 kq) 1/8 finalda almaniyalı Daniel Fişerə minimal fərqlə (2:1) qalib gəldikdən sonra gürcü Daviti Koquaşviliyə uduzub - 3:5.

Ancaq rəqib finala yüksəldiyi üçün Cabbarov təsəlliverici görüşə çıxıb. Macar Nandor Hayduku (10:0) çətinlik çəkmədən mübarizədən kənarlaşdıran Fərid bürünc medal uğrunda qarşılaşmada ukraynalı Nazar Doda uduzub - 3:5.

Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə ukraynalı Denis Sahaliuka (0:4), Aslan Abakarov (125 kq) isə bolqar Georgi İvanova (4:7) məğlub olub.

Beləliklə, sərbəst güləş üzrə gənclərdən ibarət komandamız qitə birinciliyinin son günündə 1 qızıl və 1 bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 11:20 Gözləyirik… ELAN!