Millimiz arzularımızı ürəyimizdə "dəfn" etməyəcək ki?

28 Yanvar 2020 18:20 Futzal 1 012
Millimiz arzularımızı ürəyimizdə "dəfn" etməyəcək ki?

Azərbaycan futzal millisi sabah dünya kubokunun final mərhələsinə doğru seçmə elit-raundda mübarizəyə başlayacaq.

Xorvatiyanın Osiyek şəhərində "C" qrupunda yarışa qoşulacaq komandanın ilk rəqibi ev sahibəridir.

Daha sonra Rusiya və nəhayət, Slovakiya ilə üz-üzə gələcək kollektivi bugünə qədər qarşılaşdığı ən çətin seçmə turnir gözləyir.

Rəqiblərin hər biri fərqli üslub və tərzi ilə seçilir. Ən əsası, dünya futzalında sözü, gücü ilə seçilən Rusiya kimi rəqiblə bir qrupda yarışmaq heç də asan olmayacaq.

Bu arada sonuncu hazırlıq tədbiri çərçivəsində Bakıdakı təlim-məşq toplanışını Özbəkistan millisi ilə matçlarla başa vurmuş komanda, ilk sınaqda 2:3 hesabı ilə məğlub olub, ikincisində 4:3 hesablı qələbə qazanıb.

Əlbəttə, nəticələr öz yerində, lakin komandanın Xorvatiyada müşkül məsələləri həll etməli olduğu aydındır. Oyun planında mürəkkəbliklər anlaşıqlı və əlaqəli oyunla bağlıdır.

Matçlar boyunca davamlı taktiki çeviklik, planlaşdırılmış ardıcıl keçidin olmaması da başqa bir söhbətin mövzusudur. Hər rəqibə uyğun oyun planı qurmaq asan olmayacaq. Heyətdə qalaqurmalar imkanı da məhduddur.

Bütün bunlar belə deməyə əsas verir ki, komandamız üçün bu gün başlanan mübarizəyə psixoloji cəhətdən hazırlıqlı olmaq vacibdir.

Prinsipial və dayanıqlı xarakter nümayişi nəticələrdə də əksini tapacaq. Ümumən reqlament baxımından əsas hədəf qalib kimi birbaşa mundiala yollanmaq olmalıdır. Əlbəttə, daha bir şans da var: seçmə pley-offa fürsət yaradan ikinci pillə.

Baş məşqçi yekun heyətə ölkə xaricində çıxış edən Eduardu Borgeş ("Paris", Fransa), Tyaqu Telleş Martinş ("Norilsk Nikel", Rusiya), İshaq Surğali ("Azaraxş", İran), Oliveyra da Nassimentu və Conatan Luis de Ancelis (hər ikisi - "Əl-Ərəbi", Küveyt), Rafael Vilelan ("Palma", İspaniya) və Everton Kardoso ("Levante", İspaniya) ilə yanaşı, daxili çempionatdan da Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Əmir Şocaei, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarovu ("Araz") və Emin Kürdovu (EKOL) daxil edib.

Komandanın oyunlarının təqvimi belədir:
29 yanvar: Xorvatiya - Azərbaycan (hakimlər: Ancelo Qalante, Nikola Mansone, Alessandro Malfer - hamısı İtaliya);
30 yanvar: Azərbaycan – Rusiya (hakimlər: Alessandro Malfer, Ancelo Qalante, Kyara Perona - hamısı İtaliya);
1 fevral: Slovakiya – Azərbaycan (hakimlər təyin olunmayıb).
Avropa zonasında seçmələrin elit-raundunun digər qrupların tərkibi:
«A» qrupu (30 yanvar-2 fevral): Portuqaliya (ev sahibi), İtaliya, Belarus, Finlandiya;
«B» qrupu (1–4 fevral): İspaniya, Serbiya (ev sahibi), Ukrayne, Fransa;
«D» qrupu (2–5 fevral): Qazaxıstan, Sloveniya, Rumıniya, Çex Respublikası (ev sahibi).

Pley-offun təqvimi də bəllidir (9 və 12 aprel):
“C” qrupunun 2-cisi – “D” qrupunun 2-cisi
“B” qrupunun 2-cisi – “A” qrupunun 2-cisi.

Beləliklə. Ehtimala görə, birbaşa final mərhələsinə vəsiqə qazanmayaraq, qrup 2-cisi olarsa,Azərbaycan milli komandasının şansı böyük olacaq.

Sentyabrın 12-dən oktyabrın 4-dək Litvanın Vilnüs, Kaunas və Klaypeda şəhərlərində keçiriləcək final mərhələsində Avropadan 7 (ev sahibi ilə birlikdə), Asiyadan 5, Afrikadan 3, Cənubi və Şimali Amerikanın hərəsindən 4 milli komanda, Okeaniyadan isə artıq seçilmiş Solomon adaları yarışacaq.

BATI YAR

Xəbər Lenti