"Qrup mərhələsinə vəsiqə qazanacağımıza arxayınam"

18 Yanvar 2020 12:44 Futzal 572
"Qrup mərhələsinə vəsiqə qazanacağımıza arxayınam"

"Ayın 13-dən yığışmışıq, hazırlaşırıq. Özbəkistanla iki yoxlama oyunumuz olacaq. Yanvarın 24-dən 25-nə keçən gecə isə Xorvatiyaya yollanacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev dünya çempionatının elit-raund mərhələsinin oyunlarından öncə təşkil olunan brifinqdə deyib. Təcrübəli oyunçu ilk matçın Xorvatiya ilə olmasının mənfi və müsbət tərəflərinin olduğunu bildirib:

"İlk oyunumuz meydan sahibi – Xorvatiyaya qarşı olacaq. İlk oyunda çətin rəqiblə düşməyimizin yaxşı və pis tərəfləri var. Ona görə pisdir ki, ev sahiblərinə qarşı oynayacağıq. Məqsədimiz 1-ci, ya da 2-ci yerlə qrup mərhələsinə adlamaqdır. Yaxşı məşqlər keçmişik, komanda hazırdır. Əlimizdən gələni edəcəyik ki, qrup mərhələsinə vəsiqə qazanaq.

İlk oyunda var gücümüzlə oynayacağıq. Xorvatiyanın yaxşı şanslarının olduğunu deyirlər. Həm meydan sahibləridir, həm də yaxşı oyunçuları var. İlk oyunda qalib gəlsək, 2-ci, 3-cü oyunda bizi heç-heçə də qane edə bilər. İlk oyunda Xorvatiya ilə düşməyimiz bu cəhətdən yaxşıdır".

Fərzəliyev bütün komandaların şanslarının bərabər olduğunu deyib: "Hamısı Avropanın öndə gedən komandalarıdır. Hansısa komandanı favorit kimi qeyd etməzdim. Şansları bərabər görürəm. Təcrübə baxımından komandamıza güvənirəm. Arxayınam ki, qrup mərhələsinə vəsiqə qazanacağıq".

O, Rusiya millisinin favorit olmadığını düşünür: "Yaxın keçmişdə bu komanda ilə turnirlərdə qarşılaşmışıq. Sırf hansısa cəhətdən bizdən üstün olduqlarını deməzdim. Təcrübələri çoxdur, amma biz də onlardan geri qalmırıq. Çalışacağıq, qrupda layiqli yerlər uğrunda mübarizə aparaq".

Elvin

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!