"İndi "Qarabağ"dakı futbolçular “Neftçi”dəkilərdən güclüdür"

13 Aprel 02:50 Bizimkilər 562
"İndi "Qarabağ"dakı futbolçular “Neftçi”dəkilərdən güclüdür"

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin sabiq hücumçusu Ruslan Qurbanov sportal.az-a müsahibə verib.

- "Neftçi" bu mövsüm də azarkeşlərinin və futbol ictimaiyyətinin görmək istədiyi gücdə deyil. Onlar hətta ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında "Qarabağ"a 0:4 hesabı ilə uduzdu. Sənin üçün gözlənilməz nəticədir?

- "Neftçi"də baş məşqçi dəyişikliyi bir müddət əvvəl baş tutub. Azərbaycan çempionatını daha yaxından tanıması üçün Miodraq Bojoviçə vaxt vermək lazımdır. "Qarabağ" isə böyük təcrübəyə malik, ildən-ilə, oyundan-oyuna inkişaf edən komandadır. Onlarla mübarizə aparmağın çətin olduğu anlaşılandır. "Neftçi"yə uğurlar arzulayıram və əminəm ki, onlar "Qarabağ"a rəqabət göstərə biləcək.

- Səncə, nəyə görə "Neftçi" uğurlu nəticə, yaxşı oyun göstərə bilmir? Hətta Adrian Mutu belə, "Neftçi"ni uğura apara bilmədi və yola salındı...

- "Qarabağ"da Qurban Qurbanov öz bəhrəsini verən sistem yaradıb. Düşünürəm ki, "Neftçi" hər şeyə yenidən baxılsa, eyni şəkildə sistem qursa, nəticə də olacaq. Rəhbərlik dəyişib, məşqçi də buna təsir edir, ona görə də bir az vaxt lazımdır və əminəm ki, “Neftçi” “Qarabağ”la rəqabət aparacaq.

- Yeri gəlmişkən, "Neftçi" 2020/2021 mövsümündə "Qarabağ"a qalib gəlib çempion olduqdan sonra bir daha rəqibini məğlub etməyi bacarmayıb. Səncə, necə ola bilər ki, "Neftçi" bir dəfə də olsun "Qarabağ"ı məğlub edə bilmir?

- Bu oyun həmişə gərgin keçir və heç bir komanda məğlub olmaq istəmir. Bu gün “Qarabağ” daha güclüdür və bunu etiraf etmək lazımdır. Düşünürəm ki, “Neftçi” rəhbərliyi gələn il layiqli mübarizə aparmaq və çempionluq uğrunda yarışmaq üçün hər şeyi edəcək.

- Səncə, "Neftçi"nin güclü heyəti var? Onların uğur qazanmaq üçün potensiala sahibdirlər?

- Düşünürəm ki, dəyişikliklər olacaq, düzgün transferlər etsələr, o zaman çempionluq uğrunda rahat mübarizə aparmaq olar.

- Oynadığın "Neftçi" ilə indikini necə müqayisə edərdin? Hansı fərqlər var?

- Sadıq Sadıqovun "Neftçi"də rəhbər olduğu 2010-2013-cü illəri müqayisə etsək...Hər şeyi özünüzü görmüsüz. Flavinyo, Culius Vobay və Nikolas Kanales kimi transferlərimiz oldu və nəticələr də gəldi. Onlar həm komanda futbolçuları, həm də fərdi oyunçular kimi güclü idilər. İndi "Qarabağ"dakı futbolçular fərdi olaraq “Neftçi”dəkilərdən güclüdür. Ona görə də "Neftçi" hələ də qalib gələ bilmir. Amma bunların hamısı müvəqqətidir, futbolda uduzmayan komanda yoxdur.

- Yəqin ki, sən də "Neftçi"nin "Qarabağ"a 0:4 hesablı məğlubiyyətindən sonra finala çıxacağına inamın yoxdur?

- Futbolda hər şey ola bilər. Ancaq bu halda "Neftçi"nin 1 faiz şansı var ki, mərhələ adlasınlar. Hər iki komandaya uğurlar arzulayıram.

- Son oyunlarda fanatlar da "Neftçi"nin oyununu boykot edib, onlar əvəzedici heyətin matçlarına gedirlər...

- Aydın məsələdir ki, onlar komandadan nəticə istəyirlər və mən onları tam dəstəkləyirəm. Ümid edirəm ki, “Neftçi” ilə hər şey yaxşı olacaq və onlar hər şeyin öhdəsindən gələcəklər.

- Miodraq Bojoviç Rusiyada uzun illər işlədiyi üçün onu tanıyırsan. "Neftçi"yə uğur qazandıra biləcək məşqçidir?

- O, çox yaxşı məşqçidir. Bir çox klublarda işləyib. Ona sadəcə azca zaman lazımdır və fikrimcə, hər şey yaxşı alınacaq.

- Fanatlar hətta Emin Mahmudovdan narazılıq edir, onun ötən mövsümkü kimi effektli olmadığını bildirir. Hətta bəzən "Neftçi"nin Eminsiz daha yaxşı oynadığını iddia edirlər. Razısan?

- Emin Mahmudov həmişə yaxşı futbolçu olub. Hardasa eniş yaşana bilər, amma düşünürəm ki, o, öhdəsindən gələcək və nəyə qadir olduğunu da göstərəcək. “Neftçi”nin kapitanı olduğu və ikiqat məsuliyyət daşıdığı üçün azarkeşlər ondan daha çox şey gözləyirlər. Ona uğurlar arzulayıram və ən əsası zədələnməsin.

Digər Xəbərlər
Xəbər Lenti