Prezident daha gözəl günlərin anonsunu verdi

1 İyun 2023 08:40 Bizimkilər 271
Prezident daha gözəl günlərin anonsunu verdi

Mayın 28-də - Müstəqillik Günündə Azərbaycan Prezidenti İlham Əliyev həm də Laçına ilk 20 ailənin məskunlaşması xəbərini verdi.

30 ildən çoxdur gözlədiyimiz zaman gəlib. Artıq öz torpaqlarından didərgin düşən, məcburi köçkün həyatı yaşayan vətəndaşlarımız doğma torpaqlarına qayıdırlar.

Bu, ən yeni tarixin parlaq səhifələrindən biridir və hələ irəlidə daha gözəl günlər görəcəyik. Bunu Prezident İlham Əliyevin laçınlılara görüşü zamanı səsləndirdiyi fikirlərdən, verdiyi anonslardan da görmək olur.

Biz Laçında Prezidentin açılışını etdiyi məkanları gördükcə əslində, 7-8 aya nə qədər böyük işlərin görüldüyünü anladıq. Fotolardan və videolardan da göründüyü kimi, 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcəklər. Prezident çıxışında bildirdi ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasacaq.

cixis.jpg (74 KB)

Bu, olduqca böyük rəqəmdir və Qarabağın yenidən qurulması zəncirvari formada davam edəcək.

Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.

Prezident çıxışında Laçında görülən işlər barədə bunları dedi.

Sitat:

“Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq”.

Göründüyü kimi, əhali yurduna yerləşdirildiyi kimi həm də onların məşğuliyyəti, iş yeri məsələsi də öz həllini tapır. Yəni Azərbaycan vətəndaşı illərdir həsrətini çəkdiyi öz torpağında dövləti sayəsində səfalı günlər keçirəcək. 30 illik ağrı-acı, çətinliklər artıq arxada qaldı.

Azərbaycan Prezidenti laçınlılarla görüşündə onu da bildirdi ki, mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub:

“Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdı. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu”.

prezz.jpg (61 KB)

Bu ərazilərdə sözsüz ki, vətəndaşlarımızın təhlükəsizliyi məsələsi də düşünülüb. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulması Laçında yaşayan əhalinin təhlükəsizliyi baxımdan olduqca önəmlidir. Prezident bu barədə dedi ki, sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.

Sözsüz ki, Azərbaycanın inkişafı və bugünkü səviyyəyə çatmasının kökündə Ulu öndər Heydər Əliyevin siyasəti, vaxtında verdiyi qərarlar dayanır. Bu barədə çıxışında ölkə başçısı da danışdı. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu:

“1993-cü ilin oktyabr ayından Ulu öndər prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib”.

Ermənistan həm müharibə, həm də müharibədən sonrakı dövrdə daim təxribatlar törədib. Elə bu gün də Ağdam istiqamətində düşmənin təxribatı ilə üzləşdik. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Sülhməramlıların işlərinin öhdəsindən gələ bilməməsi artıq hər kəsə məlumdur. Bu barədə çox yazmışıq. Onlar missiyalarının öhdəsindən gələ bilmirlər.

rus.jpg (262 KB)

Düşmən isə təxribatlarından əl çəkən kimi görünmür. Xüsusilə də sülh müqaviləsinin imzalanması ərəfəsində Paşinyan hər dəfə bu kimi təxribatlara əl atır. Ancaq Azərbaycan Prezidentinin qətiyyəti sayəsində Ermənistanın planları baş tutmur, rəzil duruma düşürlər. Necə ki, müharibə dövründə rəzil, yazıq gününə qaldılar. İndi də təxribatları onları uçuruma aparır.

Prezident çıxışı zamanı bildirdi ki, danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik:

“Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır. Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub”.

esger.jpg (72 KB)

Bundan sonra da inkişafın davam edəcəyi hazırda görülən işlərdən, aparılan siyasətdən aydındır. Ermənistan isə öz iqtisadiyyatını blokadaya salmaqda, terrorçu dövlət kimi ora-bura saldırmaqla gələcəyini məhv etməkdə davam edir.

Ancaq şansları var - sülh müqaviləsi.

Bu barədə ölkə Prezidenti çıxışında aşağıdakıları dedi:

“Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. Torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq”.

İndi şərtləri Azərbaycan irəli sürür. Azərbaycan isə Ermənistandan fərqli olaraq bölgədə sülhün, sabitliyin tərəfdarıdır. Bu, bütün region üçün əhəmiyyətlidir. Ona görə də Azərbaycanın bu tarixi cəhdləri təkcə bizim üçün deyil, bəşəriyyət, gələcək üçün lazımlı, faydalıdır. Bunu başa düşən dövlətlər bizim yanımızdadır.

Digər Xəbərlər
Xəbər Lenti