"Sportinfo TV"də yayımlanan "Sport Xəbər" yenidən izləyicilərin görüşünə gəlib.
Aytən Mustafayevanın təqdimatında bir neçə məlumat diqqətə çatdırılıb.
Bildirilib ki, "Qarabağ"ın iki futbolçusu böyük miqdarda cərimələnib. Mateus Silva və Marko Yankoviç Qurban Qurbanovun qəzəbinə tuş gəlib.
Bilindiyi kimi, Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" - "Qarabağ" qarşılaşmasının (0:0) gedişində qonaqların iki oyunçusu arasında mübahisə yaşanıb.
Silva və Yankoviç söz davasına çıxıb. Komanda yoldaşları onları güclə sakitləşdirib. Qurban Qurbanov isə fasilədə hər iki əcnəbini əvəzləyib.
Qurbanov Qəbələ səfərinin nəticəsinə və orada yaşanan hadisəyə həsr olunan iclasda sərt üzünü göstərib. Hər iki legioneri möhkəm danlayıb, analoji hal təkrarlanacağı təqdirdə, transferə çıxarılacaqlarını bildirib.
Azərbaycanın ən yaxşı çalışdırıcısı xatırladıb ki, onun üçün əsas nizam-intizamdır və kodeksə əməl etməyənləri heç vaxt bağışlamayacaq.
Cəzaya gəlincə, mübahisənin iştirakçıları onun oktyabr ayının maaşında hiss edəcək. 20 min dollar!
Azərbaycan futbolunda növbəti biabırçılıq yaşana bilər. I Liqanın 7-ci turu çərçivəsində keçirilməli olan “Mingəçevir” – “Şahdağ Qusar” qarşılaşmasının baş tutması sual altındadır.
Buna səbəb “Mingəçevir”in məşqçi və futbolçu heyətinin oyunu boykot etməyə hazırlaşmasıdır.
“Qəbələ” ilə kubok matçına xahiş-minnətlə yollanan komanda üzvləri həmin qarşılaşmadan sonra maaşlarını alacaqlarını gözləyirdilər. Üstündən bir həftə keçməsinə baxmayaraq, ödənilməli olan məvaciblərdən hələ də xəbər yoxdur.
Nəticədə futbolçuların bir çoxu, daha dəqiq desək, Mingəçevirdən kənarda yaşayan 10-a yaxın oyunçu komandanın düşərgəsini tərk edib.
Baş məşqçi Elman Sultanov da Mingəçeviri tərk edərək Bakıya yollanıb.
Komanda üzvlərinin rəhbərlikdən tələbi üç aylıq maaş borcunun müəyyən hissəsinin ödənilməsidir. Rəsmilər həftələrdir “bu gün-sabah”larla söhbəti uzatsa da, indiyədək onlara bir qəpik belə, verilməyib.
Premyer Liqada ardıcıl üçüncü mövsümünü keçirən «Şamaxı» satılır. Belə ki, 3 milyon manat ödəniş etməyə hazır olan şəxs və ya şirkət klubun təsisçilik hüququna yiyələnə bilər.
Səbəb birmənalıdır - maliyyə problemi. Rəhbərlik mövcud şərtlər daxilində «Şamaxı»nı inkişaf etdirməyin çətin olduğunu dərk edir.
Başa düşürlər ki, yalnız AFFA-nın ayırdığı aylıq yardım paketi sayəsində «şirlər»in fəaliyyətini təmin etmək bundan sonra müşkül məsələdir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
