COP29

“Bundan sonra liqa bitəndə də Azərbaycana qayıtmaram”

24 May 2023 02:50 Bizimkilər 2 160
“Bundan sonra liqa bitəndə də Azərbaycana qayıtmaram”

Sportinfo.az Litvada I Liqa klubu "Yonava"nın formasını geyinən Nurlan Novruzovun müsahibəsini təqdim edir:

- Bir müddət əvvəl ölkə kuboku ilə vidalaşdınız. Səncə, erkən vida olmadı?
- Belə ola bilər. Amma biz klub olaraq, kubokda boş yerə güc sərf etməyi məqsədəuyğun saymadıq. Çünki növbəti mərhələlərdə yüksək liqa klubları ilə qarşılaşacaqdıq. Uğur qazanmaq da çətin olacaqdı. Bunu hamımız yaxşı başa düşürdük. Ona görə də, belə alındı. Doğrudur, mübarizə apardıq, oynadıq, amma daha çox yüksək liqaya vəsiqə qazanmaq haqda düşünürük.

- Artıq komandaya öyrəşə bilmisən? İşlərin necə gedir?
- Hər şey yaxşıdır. Komandaya, şəhərə uyğunlaşmaq çətin deyil. Yeni baş məşqçi gəlib, yeni sistemlə oynayırıq. Ölkə xaricində bunu dəfələrlə yaşadığım üçün mənə normal gəlir.

- Sənə qədər bu komandada azərbaycanlılar oynamışdı. Bu mənada, "Yonava"da da artıq azərbaycanlı futbolçuların çıxış etməsinə öyrəşiblər. Münasibət yaxşıdır?
- Həqiqətən burada bizə çox yaxşı münasibət var. Ancaq hər yerdə belədir, yaxşı oyna, hörmətlə yanaşsınlar. Bura gəlirsinizsə, kluba faydalı oyunçu olmalısınız ki, şəhərin insanları da sizi sevsin, hörmətlə yanaşsın.

- Komandanız turnir cədvəlində sonuncu pillədədir. Bu mövqedən çıxa biləcəksiz?
- Bu pillədən çıxacağıq. Sadəcə oyunlarda şanssızlıqlar yaşayırıq. Zədəli oyunçularımız da var. Beş gün idi ki, mən də xəstəydim, məşqlərə qoşula bilmirdim.

- Səncə, yüksək liqaya vəsiqə qazanmaq mümkün olacaq?
- Doğrudur, hazırda yüksək liqaya vəsiqə qazanmağımız çətin görünür. Amma ümidimiz yenə də var. Mübarizəmizi davam etdiririk.

- Maraqlıdır, komanda yoldaşlarınla hansı dildə danışırsan və orada sənə yaradılan şəraitdən razısan?
- İngilis və rus dillərində ünsiyyət qururuq. Anlaşmada problemimiz yoxdur. Maaşlara gəlincə, hər şey normaldır. Mənə ev tutublar, istənilən şəraiti yaradıblar. Həqiqətən də klubun mənə olan diqqətindən razıyam.

- Son illər ölkə xaricində keçirsən də, tez-tez geri qayıdırdın. Litvada uzun illər qalmaq istəyirsən?
- Artıq beş ildir ki, karyerama ölkə xaricində davam edirəm. Pis-yaxşı, oynayırıq. Azərbaycana qayıdırsan deyəndə ki, liqalar başa çatır, qayıdıram. Bundan sonra liqa bitəndə də qayıtmaram (gülür). Onsuz da, mən daha çox legioner həyatı yaşamağı sevirəm (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!