
Çempionata hazırlıqlarını davam etdirən “Ximki-2” qələbələrə ara vermir.
Nazim Süleymanovun baş məşqçi, Emin Ağayevin köməkçi-məşqçi olduğu kollektiv növbəti sınaq matçına çıxıb.
Martın 16-da “Qiqant” idman bazasında baş tutan oyunda ximkililərin rəqibi Penza “Zenit”i olub.
Qarşılaşmanın birinci yarısı 1:1 hesabı ilə başa çatıb. Fasilədən sonra əvəzetmələrə əl atan Süleymanov azərbaycanlı Sənan Yusibovu da meydana buraxıb.
Sənan mübarizəyə qoşulması ilə təzyiqi artıran “qırmızı-qaralar” 2 qol vuraraq 3:1 hesablı qələbəni bayram edib. Və hər 2 topa Sənan imza atıb.
Oyundan sonra “Zenit”in baş məşqçisi Andrey Syomin (məşhur Yuri Syominin oğlu – H.) yaxın ətrafından Sənan Yusibovun hansı millətdən olduğunu soruşub, həmyerlimiz haqda ağızdolusu danışıb.
Maraq üçün bildirək ki, 2003 doğumlu Yusibov hücumçu mövqeyində çıxış edir.
HƏBİB / SPORTİNFO.AZ