"Qalatasaray"la oyunda özümü kiməsə göstərmək fikrim yoxdur".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray"a qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.
26 yaşlı hücumçu komandasına faydalı olmağa çalışacağını bildirib:
"Meydanda doğru olanı etmək lazımdır. Kollektiv şəkildə yaxşı nəticə üçün oynayacağıq".
Forvard güclü kollektivə qarşı mübarizə aparacaqlarını söyləyib:
"Rəqib turnir cədvəlinin lideridir və yaxşı formadadırlar. Ardıcıl qazandıqları qələbələr də bunu sübut edir.
Uzun müddətdir qələbə qazanmırıq. Amma bu qarşılaşma üçün motivasiyamız yüksəkdir.
Onların da bu matça ciddi yanaşdığını anlayırıq. Amma bu, bizi qorxutmur və rəqibdən çəkinmirik.
Yaxşı oyun göstərərək nəticə qazanmağa çalışacağıq. Bizim də qələbəyə və azarkeşlərimizi sevindirməyə ehtiyacımız var".
Martın 17-də oynanılacaq "Konyaspor" - "Qalatasaray" qarşılaşması saat 21:00-da start götürəcək.

