“Qarabağ”ın “Qalatasaray”la yoldaşlıq görüşü keçirəcəyi ilə bağlı xəbər həftəyə damğa vurub.
Premyer Liqanın 27-ci turunun oyunları, yığmanın qarşıdan gələn matçları qalıb bir tərəfdə, hər kəs martın 26-da baş tutacaq unudulmaz oyundan danışır.
Məlum dostluq matçı o dərəcədə rezonans doğurub ki, hətta “Qalatasaray”ın sosial media səhifələrində maraqlı şərhlərə rast gəlmək mümkündür.
Ən maraqlısı, azərbaycanlı futbolsevərlərin “cim-bom”un “feysbuk” səhifəsinə hücum etməsi və azı türkiyəli fanatlar qədər aktivlik göstərməsidir.
Azərbaycanlıların “Qalatasaray”ın səhifəsində yazdığı sevgi dolu şərhlərin bir qismi “sarı-qırmızı” rənglərə könül verən fanatları təəccübləndirib:
“Cim-bom”um xoş gəldin. Kimə azarkeşlik edəcəyimi bilmirəm. Qarabağ bizim qanayan yaramızdır. Allah zəlzələdə dünyasını dəyişənlərə rəhmət eləsin”.
“Öz məmləkətinizə xoş gəlirsiniz”.
“Xoş gəlirsiniz evinizə. İllərdir gözlədiyimiz o gözəl an yetişdi. İnşallah, “Qarabağ”la “Qalatasaray” Xankəndidə, Ağdamdakı “İmarət” stadionunda da oynayarlar”.
“Kaş, milli fasiləsi olmazdı və bütün ulduz futbolçular meydana çıxardı. Yenə də gözəl oyun olacağına əminəm. İkisi də könül verdiyim komandadır. Qardaşlıq artsın, yardımlar artsın”.
“Bu, nə gözəl xəbərdirş. Sevdamız Bakıya gəlir”.
“Azərbaycanda ən çox azarkeşi olan Türkiyə komandası. Gəlin, yolunuzu gözləyirik”.
“Düz evimizin yanı. Mən “Qalatasaray” üçün gedə bilmədim, “Qalatasaray” gəldi”.
“Evinizə xoş gəlirsiniz, 25 ildir fanatı olduğum “Qalatasaray”.
“Gəl, könlümün əfəndisi. İllərin həsrəti bitir artıq”.
Qeyd edək ki, “yoldaşlıq yox, qardaşlıq oyunu” kimi təqdim olunan matç martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
HƏBİB / SPORTİNFO.AZ

