Mətbuatda Mahir Emreli ilə bağlı aşağı-yuxarı hər gün xəbər gedir.
Əksəriyyəti də mənfi yükdə olan məlumatlardı.
Polşa "Legiya"sında yenə üzümüz azdan-çoxdan gülürdü.
Xorvatiyaya gedəndən günümüz gün deyil.
Zaqreb "Dinamo"sunda gah zədə alır, gah zədədən geri qayıdır.
Nə məzmun dəyişir, nə də ad.
Amma bir baş milli üzvümüz də var ki, sanki kölgədə qalır, doğmalıq göstərmirik.
Uğurlarından geniş danışmırıq. Üzərindən ötəri keçirik.
Söhbət İsveçrənin "Qrasshopper" klubunda çıxış edən Renat Dadaşovdan gedir.
Emrelidən fərqli olaraq 23 yaşlı forvard əla mövsüm keçirir.
O, arxada qalan aylarda İsveçrədə adından söz etdirə bilib.
İsveçrə liqasında 24-cü tur başa çatdı. Bu qarşılaşmalarda Renat aktivinə 7 qol yazdıra bilib. Bundan başqa iki halda da yoldaşlarına qol ötürməsi edib
Kifayət qədər əla göstəricidir. Nəzərə alaq ki, bir çox matçlarda həmyerlimiz sonradan oyuna qoşulmalı olub. Bəlkə, əks halda statistika daha yaxşı olardı.
İstənilən halda belə gedişat milli komanda adına sevindirici məqamdır. Ona növbəti mövsüm üçün daha yaxşı təkliflər gələcəyi qaçılmazdır.
Nəzərə alaq ki, qarşıdan milli komandamızın oyunları gəlir. Ölkənin əsas yığmasının önəmli matçlarda belə formada olan hücumçuya çox ehtiyacı var.
Görünür, onun Almaniyada dünyaya göz açması soyuq münasibətə yol açır.
Ancaq, unutmayaq ki, Dadaşovun qanında azərbaycanlı qanı axır. Çünki kökü bizdəndir. Özü burda doğulmasa da.
Azərbaycan yığmasında 19 rəsmi oyun keçirən Renatın aktivində hələki 1 qol var.
Ümid edək ki, bundan sonra qollarının ardı-arası kəsilməz. Tək rəqəmli qol sayını qısa müddətdə cütləşdirər.
İsveçrə karyerası bu ümidi bizə verir. Qalır, əyani yaşamaq. Dayanmaq olmaz. Yaxşı çıxışa davam. Uğurlar, Rinat!
XANOĞLAN / SPORTİNFO.AZ

