Daxil olan və xərclənən məbləğ açıqlandı - "YAŞAT”la bağlı hesabat

22 Aprel 2021 12:10 Bizimkilər 352
Daxil olan və xərclənən məbləğ açıqlandı -

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə dair hesabat açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılan Fondun hesabına 20 aprel 2021-ci il tarixinədək 31 020 243.38 manat vəsait mədaxil olub.

Bu vəsait hesabına ölkə ərazisində 2 881 şəhidin ailə üzvləri, habelə 2 735 yaralı olmaqla, ümumilikdə 14 240 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 5 775 şəxsin müraciəti icra üçün öhdəliyə götürülüb.

Fondun fəaliyyət istiqamətləri üzrə 19 146 142.77 məbləğində vəsait xərclənib. 1 331 şəhid ailəsi üzvü, 1 605 yaralı və 6 itkin ailəsi üzvünün məişət şəraiti yaxşılaşdırılıb, 33 şəhid ailəsi üzvü və 2 yaralının təhsili nəzarətə götürülüb, bundan başqa, 493 şəhid ailəsi üzvü, 426 yaralı və 4 itkin ailəsi üzvünün istehlak kreditləri ödənilib, eləcə də 621 şəhid ailəsi üzvü və 176 yaralının tibbi ehtiyacları qarşılanıb.

Fon tərəfindən, həmçinin yeni doğulmuş 59 şəhid övladının zəruri tibbi xərcləri qarşılanıb, hər bir uşağın adına bank hesabı açılaraq 5.000 manat depozit qoyulub. Həmin şəhid övladları 18 yaşına çatanda üzərinə faiz gəlmiş depozitini istifadə edə biləcəklər.

Bundan başqa, 63 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 7–si sağalaraq geri qayıdıb. "YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.

Eyni zamanda, İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 30 nəfər əməliyyat edilib, onlardan 5 nəfərin görmə qabiliyyəti bərpa olunub, 1 nəfər göz yaşı kisəsinin bərpası və protez göz qoyulması üçün əməliyyat edilib, 4 nəfər isə göz qapağının bərpası üçün plastik əməliyyat olunub. 51 nəfərə protez göz qoyulub, 4 nəfər üçün protez göz sifariş olunub, 1 nəfər protez qoyulmasından imtina edib, 82 nəfər isə sadəcə müayinə edilib.

10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib.

Həmçinin, 10 – 13 mart 2021-ci il tarixdə Dövlət Agentliyinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib, səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondlarında konkret məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, Türkiyə Respublikasında müalicə alan ağır yaralılar ziyarət olunub.

“YAŞAT” Fondunun təşəbbüsü, “Vətən Ulduzları” Fondunun təşkilatçılığı ilə 17 mart – 18 mart 2021-ci il tarixdə 10 şəhid övladı Ankara şəhərində baş tutan “Övladlarımız Tək Ürək” 18 mart şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş proqramda iştirak ediblər.

18 - 21 mart 2021-ci il tarixdə “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 000.00 AZN dəyərində olan 4000 qutu Novruz sovqatı paylanılıb.

16 aprel 2021-ci il tarixində Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

“YAŞAT” Fondu ilə Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ilə Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi arasında şəhidlərin övladlarına ödənişsiz, əlilliyi müəyyən edilmiş şəxslərin övladlarına isə 50% güzəştlə təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Sözügedən təhsil müəssisələrinə şəhid və yaralananların övladlarının qəbul edilməsi üçün imtahanlar davam edir.

Qeyd edək ki, YAŞAT fondunun hesabatlılığını təmin etmək üçün yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?