Yaşıl meydandakı "çantalı kişi"

13 Avqust 18:34 Azərbaycan Futbolu 704
Yaşıl meydandakı "çantalı kişi"

Hörmətli həkimimiz böyük futbola gələndə bizim bir yaşımız hələ tamam olmamışdı. Qədəmləri də çox uğurlu idi, Azərbaycan futbolu tarixinin ən parlaq dönəmlərindən birini yaşayırdı...

Uşaq yaşlarında, ağ-qara ekrandan ağ-qara sevgimiz yarananda, arada futbolçular yerə səriləndə hər dəfə meydana tələsən "çantalı kişinin" də kim olduğunu, niyə belə etdiyini hələ dərk etmirdik. Ruhumuzda ağ-qara xallı "Neftçi" topunun" rişələri boy atırdı...

Uzun illər keçdi... Zaman, tale elə gətirdi ki, "çantalı kişiylə" "Neftçi" uğurları üçün birgə çalışdıq. Dəyərli kollektiv formalaşanda bir başqa aləm olur... Belədə, nəhəng "San Siro" da qarşında kiçik görünür, "doqquzluq" da nişangaha rahat gəlir...

Boris Xetaqurov Azərbaycan futbolunun canlı əfsanəsidir. Əhməd Ələsgərov, Anatoli Banişevski, Yaşar Babayev... Əfsanəvi pleyada futbolçulardan tutmuş yeni əsrdə meydana çıxmış əksər oyunçuların sağlamlığının qeydinə qalıb, müalicə edib.

Futbolda hər kəsin nəvazişlə çağırdıqları doktorumuz "Neftçi" ilə yanaşı müstəqilliyimizin ilk, çətin, şəraitsiz illərində millidə də çalışıb. Vaxtilə "Xəzər Lənkəran"ın klub adına ən uğurlu addımlarından biri Boris Xetaqurovu komandaya dəvət etmələri olub.

Boris müəllim tək öz sahəsinin ustası deyil, ruhuna, iliyinə kimi ziyalıdır. Yerişi, duruşu şax həkimimiz hər zaman hörmət görüb. Bu hörməti öz əməyi, böyüklüyü ilə qazanıb. Boris Xetaqurov sözün həqiqi mənasında əsl ağsaqqaldır!

Həkimimiz "Neftçi"yə, doğma yurduna geri dönəndə çox sevindik. Tibb otaqlarımız bir həftəyə gül-çiçəyə çevrildi. Səliqə-səhman, intizam, futbolçulara qayğı, psixoloji yanaşma üst səviyyəyə çatdı. Artıq bu sahəyə ciddi nəzarətə ehtiyac qalmamışdı. Tibb personalına işinin peşəkarı rəhbərlik edirdi...

Boris Xetaqurov tələbkar olmaqla yanaşı çox səmimi, müsbət auralı, idarəçiliyi, sistemi, subardinasiyanı gözləyən, qoruyan, böyüklə-böyük, kiçiklə-kiçik kimi davranırdı. Heç vaxt bəhanə gətirməz, çatışmamazlıqlardan, şəraitdən narazılıq etməzdi.

Boris Xetaqurov şəxsiyyətinin çəkisi qarşımızda o qədər yüksək idi ki, hər birimiz, futbolçulara, sıravi əməkdaşlara kimi dəyərli həkimimizin dəyərini qoruyurduq. Çünki, Boris Naneyeviç sağlığında qazanmış "Neftçi"nin həqiqi dəyərlərindən biridir!

Boris Xetaqurov uzaq tarixdəki "bürünc" və ölkə futbolunda ilk qrup nailiyyətini qazanmış tək simadır. Bu da onun zəhmətinə verilmiş qiymətdir. Həkimimiz hələ tam qiymətini almayıb. Möhtəşəm yubiley ilində doktorumuz dövlət səviyyəsində şöhrətləndirilməyə layiqdir və haqq edir...

Boris Xetaqurovun mənəvi zənginliyi futbol ictimaiyyətinə, cəmiyyətə nümunədir. "Neftçi"də çalışdığımız dövrdə bir dəfə də olsun maaş, mükafat söhbəti etmədi. Əksinə, daxili məsuliyyəti o qədər yüksək idi ki, günlərin bir günü yanıma gələrək stolun üstünə ərizə qoydu:

- Həyat yoldaşım xəstə olduğu üçün işə tam köklənə, vaxt ayıra bilmirəm, zəhmət olmasa işdən çıxmağımla bağlı ərizəmi qəbul edin.
- Boris müəllim, biz sizdən banişevskilərin ruhunu alırıq və işinizdən də tam razıyıq. Bütün şərait yaradılacaq, iş qrafiki tənzimlənəcək...

Klub prezidenti Sadıq Sadıqovla həkimimizə bir sözümüz oldu: "Neftçi"də olduğumuz müddətdə bir yerdəyik"!

Yubiley günü mənfi çalarları yada salmayaq. Bir cümlə kifayətdir. Necə ola bilərdi ki, 60-cı illərdən "Neftçi"yə can-başla xidmət etmiş doktor 5 il öncə klubdan göndərilsin?!

Dəyərlərə dəyər verilməlidir!

Boris Xetaqurov lobanovskilər, beskovlar, yaşinlər, bloxinlər, kipianilər, belanovlarla uzun illər birgə addımlayıb. Dolu tribunaların alqışları ilə Bakıda, Moskvada, Kiyevdə, Tbilisidə, Leninqradda tunellərdən birgə addımlayaraq texniki zonada yerini alıb.

"Neftçi" ilə bütün Avropanı, Afrikanı dolaşıb, futbolçuların sağlamlığını qoruyub, qulluğunda durub. Nə gözəl ki, Kipr zəfərini, dostu Ələkbər Məmmədovun uzaq 50-ci illərdə Milanda vurduğu qolların davamını doğma komandası ilə yenidən yaşayıb...

Misilsiz təcrübəyə malik həkimimizin xidmətindən gənc kadrların yetişməsində bu gün yararlanmaq gərəkdir. Boris Xetaqurovun ruhu, varlığı futbolumuza, bacardığı sahəyə kifayətdir. Yetər ki, diqqət ayrılsın, şərait yaradılsın...

Dəyərli ağsaqqalımız Boris Xetaqurov hələ uzun illər öz gözəl, qayğıkeş səsi ilə bizləri sevindirəcək, yaşadacaq. Yaşıl meydanlarda futbolçulara şəfa verməyə can atan "çantalı kişi" qarşısında biz də "uşaq"lığımızı, ağ-qara sevgimizi yaşayacağıq...

80 illik yubileyiniz mübarək olsun!

Tahir Süleymanov

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 23:20 Qurban Qurbanova çatdı
22 Sentyabr 22:20 Vidalla müqavilə imzaladı
21 Sentyabr 22:00 Mendi transferində tamam
21 Sentyabr 17:24 İlkay koronavirusa yoluxdu