Ölkədə baş verənlərin Elxan Məmmədova dəxli yoxdur?

25 Mart 2020 17:38 Azərbaycan Futbolu 571
Ölkədə baş verənlərin Elxan Məmmədova dəxli yoxdur?

Koronavirus qorxusu hamımızı dəhşətə salıb. Bütün dünya bu dəhşətli virusla mübarizə aparır. Azərbaycan dövləti də gücünü səfərbər edir, koronavirusun ölkəmizdə geniş yayılmaması, qurbanların sayının artmaması üçün bütün tədbirlər görülür. Təxirəsalınmadan və sərt şəkildə.

Bütün bunları xalq da alqışlayır, öz dövlətinə dəstəyini verir. Martın 19-da Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Fonda ilkin olaraq dövlət büdcəsindən 20 milyon manat ayıran cənab prezident İlham Əliyev daha sonra özünün bir illik məvacibini də ianə şəklində dəhşətli virusla mübarizə üçün bağışladı. Müxtəlif dövlət müəssisələrindən, nazirliklərdən, komitələrdən, özəl banklardan, şirkətlərdən, hətta sadə insanlardan prezidentə dəstək gəldi, hər kəs bacardığı, imkanı çatan səviyyədə fonda pul köçürdü.

AFFA-nın öndərliyi ilə digər idman federasiyalarının, hər biri bir oliqarx qədər zəngin olan funskionerlərin, klubların bu prosesə nə vaxt qoşulacağı maraqla gözlənilir. Artıq ilk təşəbbüsü “Qarabağ” göstərib. Klubun sponsoru olan “Azərsun Holdinq”in ardınca Qurban Qurbanov və futbolçular prezidentin təşəbbüsünü dəstəkləyib, Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına ianə veriblər. “Qəbələ”nin yaradıcısı sayılan, ölkə idmanının inkişafına böyük dəstək verən “Gilah Holdinq” də proseslərin içindədi. Bu holdinq həm otellərini karantin üçün istifadəyə verib, həm də fonda maddi vəsait köçürüb. Digərləri isə hələ də susur.

Olmaya, Elxan Məmmədov “evdə qalın” deyib, topu dostlarına ötürəndən sonra özünü ətraf aləmdən təcrid edib, ölkədə baş verənlərdən xəbəri yoxdu? AFFA-nın baş katibinin ötürdüyü topu qəbul etmək üçün onun dostları yarışa çıxmışdılar. Estafeti qəbul edir, daha sonra onu digərinə ötürürdülər. Az qalırdı ki, basabasda bir-birlərini də əzsinlər. İndi o fəallıqdan niyə əsər-əlamət yoxdu?

Səmədağa Şıxlarovun müalicəsi üçün pulu əməliyyat bitəndən sonra xəstəxananın hesabına köçürən AFFA yenə də proseslərə müşahidəçi mövqe tutub, susmağa üstünlük verir. Bu dəfə gecikmək daha betər ayıbdı. Yəqin ki, dostları Elxan Məmmədovun estafeti onlara ötürməsini gözləyirlər. Buyursun çox hörmətli Elxan bəy. Yenə də təşəbbüsü ələ alsın, sonra da onu top kimi digərlərinə ötürsün. İnanın ki, əsl vaxtıdı! ( sport7.az)

Amal Abuşov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"