AFFA "COVİD-19”-a qocalar və xəstələr kimi reaksiya verir

21 Mart 22:40 Azərbaycan Futbolu 209
AFFA "COVİD-19”-a qocalar və xəstələr kimi reaksiya verir

Elmi Texniki Tərəqqinin indiki duruma gəldiyi, insan övladının başqa planetlərdə yaşam izi aradığı bir vaxtda koronavirus pandemiyasının "sözünü deməsi” acı və düşündürücü reallıqdı. Hamı kimi mən də mövcud bəla barədə mümkün qədər çox informasiya almağa çalışmışam. Şübhəsiz, müəyyən qənaətlərim var. Bütün hallarda yaşamın axarına ciddi təsir etmiş "CoVid-19" haqda həkimsayağı danışmaq niyyətindən çox uzağam.

Hərdən koronavirusun insan tərəfindən laboratoriya şəraitində hazırlanması ehtimalını rədd edirəm. Mənə elə gəlir ki, bu elə elm adamlarının təbiət, deistlərin Yaradan, müsəlmanların Allah adlandırdığı qüdrət sahibinin öz əməlidi. Belə desək, yerin bağrını dələn, göyün bağırsağını sökən bəşərə kimin kim olduğunu göstərmək istəyib. Başqa sözlə, Yer planetinin ən qorxulu virusuna çevrilmiş məxluqlara qarşı antivirus hazırlayıb.

Bu gün bir ölkədən digərinə uçan uçaqların, bir limandan başqasına üzən sərnişin gəmilərinin sayı 1 ay öncəkindən neçə dəfə azdı? Atmosferə buraxılan zəhərli qazlar prizmasından yanaşsaq, ana təbiət özünü qismən təmizləməyə, çoxdan pozulan bioloji balans bir hovur nəfəs almağa imkan tapıb. Sabah necə olacağı haqda dəqiq proqnoz vermək çətindi. Bəlkə də pandemiyaya istilər düşəndən sonra da son qoyulmayacaq. Bəlkə də sərhədlər aylarla bağlı qalacaq...

Bədbinliyə qapılmayın, "bəlkə”ni əkiblər, bitməyib. Yuxarıda həkimsayağı yanaşmadığımı vurğuladım axı.

Dünya idmanının hansı duruma düşdüyü bəlli gerçəklikdi.

İndi AFFA-nın baş katibi və vitse-prezidenti Elxan Məmmədov da bağ evində oturub idman geyimində top çiləyir. Əlbəttə, AFFA-da tökülüb qalan işləri sahmana salmağa çalışmaq artıq "vəzir”in özbaşına verə biləcəyi qərar deyil. "Evdə qal” aksiyasına qoşulduğu, nümunəvi vətəndaşa bənzədiyi üçün Məmmədova "bravo” deyirəm. Etiraf edim ki, çöhrəsindən hər zaman diplomatik təbəssüm ələnən Elxan bəyin son videodakı darğınlığından özüm də bir qədər pəjmürdə olmuşam.

Hə, dünya idmanının, eləcə də futbolunun hazırkı durğunluq dönəmində aldığı zərbə ağlasığmaz dərəcədə böyükdü. AFFA-nın uğursuz siyasəti fonunda Azərbaycan futbolunun düşdüyü durum isə daha acınacaqlıdı. Planetin bütün federasiyaları, assosiasiyaları, lap elə UEFA-nın özü də vəziyyət sabitləşəndən sonra (ən yaxşısına üçid edək) normal fəaliyyətə bir addım geridə başlayacaqlar. AFFA isə Məmmədovsayağı baş məşqçi axtarışları, "top-top” və "toplantı-toplantı” oyunları üzündən bir yox, iki addım geridən irəli sürünməyə çalışacaq. Başqaları bəladan qurtulub yeridiyi halda, bizimkilər Millətlər Liqasının oyunlarına doğru iməkləməyə cəhd edəcək.

Yanvarın 28-dən koronovirus pandemiyası qlobal təhlükəyə çevrildiyi tarixə qədər toplana bilməyən İcraiyyə Komitəsini (İK) bir araya gətirmək var, İtaliyada qalan mütəxəssisin ölkəsindəki xaosu nəzərə almaq var, neftin qiymətinin bu dərəcədə ucuzlaşmasından irəli gələn maliyyə təhlükəsi var.

... Koronavirus qocalar, canlı orqanizm olaraq həyatda qalmağa çətinlik çəkən xəstələr üçün daha təhlükəlidi. Gündəmdən düşməyən infeksiya həyat yarışında uğur qazanmaq şansı az olanların qorxulu yuxusudu. Fevralın ilk 10 günlüyündə görməli olduğu işləri yubatdığına, ötən il baş verənlərdən düzgün nəticə çıxara bilmədiyinə görə AFFA "COVİD-19”-a qocalar və xəstələr kimi reaksiya verir.

Siz sağ, biz salamat, sadaladığım məqamların hansı problemlərə yol açacağını birlikdə görəcəyik. Təki salamatçılıq olsun.

Nihat Ağasoy

Digər Xəbərlər
Xəbər Lenti
2 Aprel 23:30 SMS-lər pulsuz olacaq