Hüquq-mühafizə orqanları xeyli müddətdir ki, ölkənin futbol həyatını incələməyə alıb. Artıq nəticələrini görürük - futbol təsərrüfatının 41 mənsubu artıq bu sahədən uzaqlaşdırılıb. Açıqlanan siyahılardan görünən budur ki, araşdırmalar əsasən I Divizion ətrafında aparılır. Futbol məşğuliyyətinə qadağa qoyulanların hamısı aşağı liqanın oyunlarına "müdaxilə"yə görə kənarda qalanlardır.
Oyunların nəticəsinin manipulyasiyası yeni bəla deyil. Nə 3 il əvvəl başlayıb, nə də ondan sonra. Bukmeyker kontorları ilə gizli əlaqələr 2010-2011-ci ildən etibarən "təşəkkül" tapıb və xərçəng kimi futbolun "mədə"sinə yayılıb Heç şübhəsiz, 41 nəfərin cəzalanması ilə bu işi bağlanmış hesab etmək olmaz. "Qara siyahı"da yer alanlar oyun "al-ver"inin "xırda balıqlar"ıdır. Çirkin işin başında dayananlar, "stavka" biznesinin pərdəarxası "dirijorlar»ı haqda hələlik nə açıqlama verilir, nə də bir məlumat var. Əminik ki, hüquq-mühafizə orqanları bu yöndə təhqiqatları davam etdirəcək, əsas günahkarlar ifşa olunacaq və barələrində ölçü götürüləcək. Hər halda bizdə belə bir inam var və görürük ki, müvafiq instansiyalar futbolun çirkin ünsürlərdən təmizlənməsi naminə necə böyük fədakarlıq göstərir, çalışır.
Sözsüz, hüquq-mühafizə orqanları cinayətkar birlik yaradanların əməllərinin üzə çıxarılmasında AFFA-dan dəstək almalıdır. Federasiya bunu edirmi? Elxan Məmmədovun dediyinə inansaq, bütün işlər qarşılıqlı əməkdaşlıq prinsipləri çərçivəsindədir. Sitat: "Çox sayda şəxslər futboldan kənarlaşdırılıb. Ancaq futboldan kənar adamlar da var. Onlarla bağlı məsələlərlə müvafiq orqanlar məşğul olur. Bəzi klublarda işləyən nümayəndələrimizə “çox sağ ol” demək istərdim. Futbolçulara, bizə məxfi şəkildə məlumat verirlər.
İki il əvvəl hesabat konfransında bu məsələləri başlatdıq. Biz onlara məxfi nömrə vermişdik. Onlar da artıq bizlə əlaqə qururlar. AFFA-nın prezidenti də bildirib ki, bu məsələləri aradan qaldıracağıq. Hazırda dünya futbolunun ən böyük təhdidi danışılmış oyunlardır. Biz də aktiv fəaliyyətlə məşğul oluruq. İstintaq gedir, tam açıb deyə bilmərəm. Adlar, tanınmış insanlar olacaq. Qorxulu odur ki, digər idman növlərinin nümayəndələri də bu məsələlərdə saxlanılıb. Futbolla bağlı olmayan adamlardır. Məhdudiyyət yoxdur. Biz, bu “virus”u məhv etməliyik. Digər idman növlərinin nümayəndələri futbola qarışaraq danışılmış oyunlarda iştirak edir. Hər kəsi araşdırırıq. Milli komandaları da. Bilə-bilə şər atmaq olmaz. Bu, istintaq prosesinə əngəl olur".
Fəqət… AFFA-nın yanvarın 8-də keçirilmiş növbədənkənar konfransında Nizamnaməyə edilən bir dəyişiklik futbolumuzun növbəti fəlakətə "yolunu açır". Belə ki, 14-cü maddənin 4-cü bəndi ləğv olunub. “Tabelilik” bölümündə “Heç bir halda bir fiziki və hüquqi şəxs (o cümlədən holdinq şirkətləri və törəmə müəssisələri) birdən artıq kluba birbaşa və dolayı yolla malik ola bilməz” cümlələri ixtisara düşüb. SOCAR-ın və törəmə şirkətlərinin AFFA vasitəsilə və ya birbaşa əksər klublara yardım etməsi, maliyyə ayırması qanun pozuntusu idi. Nizamnamədəki dəyişiklikdən sonra isə “Səbail”, “Sumqayıt”, “Keşlə”, divizion klubları və s. rahatca eyni mənbədən maliyyələşəcək.
Beynəlxalq futbol təşkilatları israrla müxtəlif klubların eyni mənbədən maliyyələşməsinə qarşıdır. AFFA isə guya, FİFA və UEFA-nın analoji qanun toplusuna uyğunlaşdırmaq üçün belə addım atdıqlarını iddia edir. Rövnəq Abdullayevin futbol bilgisinin azlığı və AFFA-ya vaxt ayıra bilməməsi illərdir ki, Elxan Məmmədovun "dəyirmanına su tökür". Baş katib nə istəyir, edir. Qılıncının dalı da kəsir, qabağı da. O, lazım olanda UEFA və FİFA-nın adından özü üçün yararlanır, bu qurumların tövsiyyə xarakterli təkliflərini əsas götürüb, birtərəfli islahatlar aparır. "UEFA elə deyir, FİFA belə deyir" deyə-deyə, AFFA-da bütün hakimiyyəti ələ alıb, səlahiyyətlərini artırıb.
Nizamnamənin yuxarıda qeyd etdiyimiz müddəasının dəyişdirilməsi əksər klubların bir mərkəzdən idarə olunmasına şərait yaradır. UEFA və FİFA qlobal əhəmiyyətli nüfuzlu təşkilatlardır. Orada çalışanlar axmaq deyil, hüququ, onun dəyər və meyarlarını gözəl bilirlər. “Heç bir halda bir fiziki və hüquqi şəxs (o cümlədən holdinq şirkətləri və törəmə müəssisələri) birdən artıq kluba birbaşa və dolayı yolla malik ola bilməz” - bu, adları çəkilən qurumların təsbit etdiyi qanundur.
Dünyada yüzlərlə şirkət, onlarla milyarder var ki, hansısa klubun səhmdarıdır, ona himayə edir. Onlar üçün eyni vaxtda 2-3 klubu saxlamaq nə çətin işdir ki? Pul var da. Beynəlxalq qurumlar icazə versə, bəlkə də 10 komandanı birdən alarlar. UEFA da, FİFA da buna "veto" qoyub. Bilrlər ki, qadağanı götürsələr, danışılmış oyunlar "fontan" vuracaq, dəhşətli mənzərə yaranacaq. Onsuz da qarşılarını ala bilmirlər, bəlanın miqyası böyüyüb, artıq sərhəd tanımır, bir də ondan sonra…
UEFA və FİFA-nın qeyri-leqal bukmeyker kontorlarıyla mübarizə apardığı bir zamanda AFFA Nizamnamənin 14-cü maddəsinin 4-cü bəndini yox etməklə növbəti qanunsuzluğu rəsmiləşdirib. “Tabelilik” şərtinə məhəl qoymamağa başqa nə ad vermək olar? Deyək ki, federasiya SOCAR-ın Premyer Liqa və I Divizion təmsilçilərini maliyyələşdirməsini rəsmiləşdirmək, illik hesabatlarda göstərmək üçün hüquqazidd addım atmağa məcbur olub. Bir mənbədən "su içən" klubların öz aralarında oyun "al-ver"i etməyəcəklərinə necə, bundan sonra zəmanət verən olacaqmı? Bir nəfər çıxıb məsuliyyəti öz üzərinə götürəcək? Axı bu, "örtülü bazar" açmaqdır.
SOCAR-a bağlı komandaların hamısı de-fakto Elxan Məmmədov tərəfindən idarə edilir. O klubların bütün rəhbərləri baş katibin təqdimatı əsasında vəzifəyə əyləşiblər. 2016-cı ilin yazında keçirilən "Kəpəz" - "Neftçi" oyunu yadımızdan çıxmayıb. Vəli Qasımovun çalışdırdığı "Neftçi"yə Gəncədə 3 xal qazanmaq hava və su kimi vacib idi. Premyer Liqada 4-cü pilləni tutmaq və avrokuboklara vəsiqə əldə etməyin yolu Nizami yurdundan keçirdi. "Ağ-qaralar" 2 qolla buna nail oldu, oyundan sonra Gəncə stadionunda aləm bir-birinə dəydi.
Şahin Diniyevin baş məşqçisi olduğu komandanın qonaqlara qəsdən uduzmasından hiddətlənən yerli azarkeşlərin arenada nələr etməsi unudularmı heç? "Kəpəz"in ovaxtkı rəhbərləri, Diniyev və futbolçular fanatların qorxusundan saatlarla bazada gizləndi, başını çölə çıxara bilmədi. "Kəpəz"in "Neftçi"yə necə uduzmasından Elxan Məmmədovun məlumatı yox idi, yoxdur? İnanırsız ki, hər şey baş katibin iradəsindən kənarda razılaşdırılmışdı? Hər iki kluba öz adamlarını yerləşdirmiş Məmmədovun bundan sonra da onları cəzalandırmaması, heç bir tədbir görməməsi faktdır. Bu, özlüyündə nəsə demir?
"Oyun al-veri"nin kökünü kəsmək AFFA-nın marağındadır" bəyanatları indi bir o qədər də səmimi səslənmir. Hər halda klubları bir mərkəzə tabe etdirmək hazırlığı bunu göstərmir. Bu, belə demək mümkünsə, Premyer Liqanın "qara bazar"ını pərdələmək, buradan kənara məlumat sızmaq ehtimalını azaltmaq məqsədi daşıyan niyyətə daha çox oxşayır.
SPORTİNFO.AZ

