AFFA-ya da bu lazım idi - Bir qərarın pərdəarxasındakı GİZLİNLƏR

AFFA-ya da bu lazım idi - Bir qərarın pərdəarxasındakı GİZLİNLƏR

Ölkə futbolunda daha bir mövsüm sona yaxınlaşır.

"Sabah" Çempionlar Liqası barədə düşünür, "Neftçi" avrokuboklara çıxmağı xəyal edir, "Qarabağ" Avropa Liqasının planlarını qurur.

"Karvan-Yevlax" yenidən birinci liqa barədə düşünmək məcburiyyətindədir.

"Qəbələ" isə qalıb iki yol arasında.

11-ci pilləni tutacağı dəqiqləşən bölgə klubu Birinci Liqanın ikincisi ilə pley-off matçı oynamalı olacaq.

Elə sözümün mustafası da məhz bu ildən tətbiq edilən pley-off sistemi ilə bağlıdır.

Müəyyən narazılıqlar bizə də çatır.

Ki, qərar ədalətli deyil.

Aşağı liqa ilə elita klubları arasında ciddi uçurum var.

Dövlət dotasiyası birinə 2.5 milyon manat, digərinə 300 min manat ayrılır.

Belədə aşağı liqa təmsilçisinin pley-off matçlarında şansları çox aşağıdır.

Təəssüf ki, bəziləri bu görüşün mahiyyətini anlamayıb.

Reqlamentin bu bəndi aşağı liqa təmsilçilərinin elitaya yüksəlməsinə yol açmaqdan çox, onların motivasiya almasına, liqalarda rəqabətin artmasına hesablanıb.

Məncə, kifayət qədər də uğurlu addım hesab etmək olar.

"Qəbələ" və "Kəpəz" son iki tura qədər 11-ci olmamaq üçün mübarizə apardı. Müəyyən dönəm bu yarışda "İmişli" və "Şamaxı"nı da gördük. Çünki heç biri işini riskə salmaq istəmirdi.

Bəli, kağız üzərində aşkar favorit Premyer Liqa klubudur. Amma futbolda sürprizlər az olmur. Pley-off matçlarında da eyni hal yaşana bilər. Alınacaq bir qırmızı vərəqə hər şeyin sonunu gətirər. Ona görə də heç bir klub 11-ci olmaq istəmir. Bunun üçün də meydanda sona mübarizə aparır.

Təxminən eyni mənzərə Birinci Liqada yaşandı.

Həftələr öncədən "Şəfa"nın çempion olacağı ehtimalı yüksək idi. Elə sonluq da ona gedir. Belədə "Səbail" başda olmaqla "Mingəçevir" və "Baku Sportinq" arasında ikinci pilləni uğurunda amansız mübarizə başladı və davam edir. Bəli, həmin klub rəhbərləri də bilir ki, pley-offda zəif bənd hesab olunacaqlar. Amma futbolun möcüzəsi də gerçək ola bilər.

Gördüyünüz kimi, pley-off sistemi hər iki cəbhədə də hərəkətlilik yaradıb, inamı artırıb. Bu da liqada rəqabətə müsbət yöndə ciddi təsir edir. AFFA-ya da məhz bu lazımdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti