Bugünkü milli son illərin ən zəif heyətinə sahibdir.
Heyətdə elə adlar yer alır ki...
Sadəcə dəhşətdir. Halbuki əksəriyyəti cəmi 2-3 il əvvəlin yığmanın həndəvərinə belə düşə bilməzdi. Amma indi qapılar üzünə açılıb. Səbəbsiz deyil.
Legioner limitinin ləğvindən sonra vəziyyət hər ötən gün daha kritik hal almaqdadır. Proqnozlaşdırdığımız kimi...
Son illər bir qayda olaraq ən azı 5-6 futbolçu "Qarabağ"dan hazır gəlirdi.
İndi o da yoxdur. Bəhlul Mustafazadə zədəli, Elvin Cəfərquliyevin durumu hamıya məlum.
Yığmanın belə günündə heç bir ağıllı əcnəbi ölkəmizə gəlməzdi.
Əslində heç Ayxan Abbasov da ağılla qərar versəydi bugünkü millinin başına keçməzdi.
Çünki yığmanın sabahı çox vahiməli görünür.
Sadəcə Ayxan Abbasovun ağılla qərar vermək şansı yox idi.
Çünki azərbaycanlıdır.
Bir azərbaycanlı məşqçiyə millidən dəvət gəlibsə "yox" demək şansı yoxdur.
Onu anında milli düşmən elan edərdilər.
Kütlənin ağzından düşmək olardı?
Bir sözlə, dar gündə yenə sinəsini qabağa verən azərbaycanlı oldu.
XANOĞLAN / SPORTİNFO.AZ

