Təəssüf ki, futbol ictimaiyyətində çox pis təbliğat aparılır - Milli 30 il əvvəl də belə idi, bu gün də belədir.
Yəni başını buraxın, bizdə futbol olmayıb, olmayacaq da.
Çox zərərli çağırış, kompaniyadır.
Buna əsla və əsla inanmaq olmaz.
Bu fikirləri bacarıqsız futbol funksionerlərimiz dövriyyəyə buraxıb.
Klublarda pulu əcnəbilərə axıtmaq üçün açılan yoldur.
Əvvəla 30 il əvvəlin millisi bugünkü millidən ən azı pis olmayıb.
İstənilən adamla oyunları izləyib, müqayisə aparıb, sübut etməyə hazıram.
Müqayisə özü isə qüsurludur.
30 il əvvəlin ölkə futbolu ilə bugünkü ölkə futbolunun maliyyə resursları tam fərqlidir. Onda futbolçular öz hesabına bilet alıb, millinin düşərgəsinə yollanırdılar.
Onda klublarımız sözün həqiqi mənasında peraşki yeyib oyunlara çıxırdılar.
Nəinki 30 il, hətta 10 il əvvəllə müqayisədə nəticələrdə ciddi eniş var.
Çünki yüksəliş olması üçün heç bir iş görülmür.
Klublar uşaq futbolunda maraqlı deyil.
AFFA da təşviq etmək mexanizmi qurmaqda acizdir.
Klublar və AFFA əl-ələ verib, şəxsi maraqlarını yox, ölkə futbolunu düşünsələr ortada tam fərqli nəticə görə bilərik.
Bu gün Litva, Moldova, Özbəkistan "beşlik" ölkələrinə futbolçu ixrac edirsə...
Deməli, səhvimiz var.
Düz istiqamətdə getmirik.
Hər ötən gün vəziyyət daha da pisləşir.
Ziyanın yarısından dönmək də xeyirdir.
Biz ziyanın hamısını görməyə yaxınıq.
Amma hələ də geri qayıtmaq, düz olan yolla inkişafa doğru getmək gec deyil.
Təəssüf ki, yaxşı işlər görə biləcək potensialımız olduğu halda, "bizdə futbol yoxdur" fikri insanlara təlqin edilir.
Buna heç bir halda imkan vermək olmaz!
XANOĞLAN / SPORTİNFO.AZ

