Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatında A Liqasına yüksəlməyi hədəfləyib.
bunu "report"a açıqlamasında komandanın baş məşqçisi Həbib Ağayev deyib.
Mütəxəssis qrupdakı rəqiblərin güclü tərəflərini qeyd edib:
"B Liqasının 3-cü qrupunda güclü rəqiblərlə qarşılaşacağıq. Serbiya, Şimali Makedoniya və Monteneqro aşağı yaş qruplarında yaxşı nəticələri və keyfiyyətli futbol məktəbləri ilə seçilir. Buna görə də bizi asan oyunlar gözləmir. Rəqiblərin oyun üslubu və potensialı ilə bağlı ilkin təhlillər aparılır. Hər komandanın özünəməxsus üstün cəhətləri var və hazırlıq prosesində bunları nəzərə alacağıq".
O, komandanın əsas hədəfini və hazırlıq planını açıqlayıb:
"Əsas diqqəti öz oyunumuzun inkişafına yönəldirik. Əlbəttə, hər bir milli komanda kimi, bizim də məqsədimiz mümkün olan ən yüksək nəticəni əldə etməkdir. A Liqasına yüksəlmək uğrunda mübarizə aparmaq istəyirik. Lakin bunun üçün mərhələ-mərhələ irəliləməli və hər oyuna maksimum məsuliyyətlə yanaşmalıyıq. Təlim-məşq toplanışları və yoxlama oyunları vasitəsilə komandanın hazırlığını davam etdirəcəyik. Məqsəd oyun modelini daha da təkmilləşdirmək, futbolçuların beynəlxalq təcrübəsini artırmaq və rəsmi matçlara ən yaxşı şəkildə hazırlaşmaqdır".
H.Ağayevin rəhbərlik etdiyi kollektiv 2026/2027 mövsümü üzrə Avropa çempionatının I mərhələsində B Liqasının 3-cü qrupunda Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə mübarizə aparacaq.

