Emin Rüstəmov karyerasını “Şamaxı”da davam etdirəcək.
U-21 millimizin mərkəz müdafiəçisi bölgə təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
Əslində, Eminin “Şamaxı”ya icarə əsasında yollanacağı gözlənilirdi.
Çünki ötən ilin yayında “Səbail”lə 3 illik müqavilə bağlamış, mövsümün ikinci yarısını icarə əsasında “Karvan-Yevlax”da keçirmişdi.
Emin “Şamaxı”yla müqavilə baölayıbsa, deməli, “şirlər” bunun qarşılığında “dənizçilər”ə təzminat ödəyib. Razılaşaq ki, heç kim milli üzvünün pulsuz-parasız buraxmaz.
Maraqlananda məlum oldu ki, “Şamaxı” məlum transferə görə “qara qəpik” də ödəməyib.
Niyə?
Rüstəmov 2025-ci ilin yayında müqavilənin müddətini 3 il uzadanda, anlaşma sənədində belə bir bənd olub.
Əgər “Səbail” mövsümün yekunlarına əsasən Premyer Liqaya yüksəlsə, o, çıxışını Bayıl təmsilçində davam etdirəcək.
Yox, elitaya vəsiqə əldə olunmasa və Premyer Liqanın hansısa klubundan Emin Rüstəmova təklif gəlsə, 21 yaşlı oyunçu sərbəst şəkildə həmin kluba üz tutacaq.
“Səbail” Premyer Liqaya yüksələ bilmədiyindən, mərkəz müdafiəçisinin “Şamaxı”ya keçidi təzminatsız başa gəlib.
HƏBİB / SPORTİNFO.AZ

