“Kəpəz”in yeni baş məşqçisi Arif Əsədov olacaq.
Biz artıq bu haqda daha öncə məlumat vermişik.
“Sarı-göylər”in iki-üç günə təyinatı rəsmən açıqlayacağı gözlənilir. Bəlkə də daha tez. O, klubun yeni rəhbərliyinin seçimidir.
Aralarında ilk görüş artıq baş tutub və ümumi razılıq əldə olunub.
Gələn mövsümlə bağlı planlar, görüləcək digər işlər, uzunmüddətli strategiya - bunlar da öz növbəsində.
Bu, Əsədovun 11 illik fasilədən sonra Premyer Liqaya dönüşü olacaq. Sabiq müdafiəçi iki fərqli dönəmdə “Neftçi”ni (2010-2011, 2014-2015), 2017-2018 mövsümündə isə “Sabah”ı çalışdırıb.
Debüt ilində əvəzedici komandadan gəlib təhvil aldığı “Neftçi”ni çempion etməyi bacarmışdı. Daha sonra I Divizionda “Sabah”ın ilk baş məşqçisi olan mütəxəssis 2020-ci ildən 2024-cü ilə qədər əsas millidə köməkçi-məşqçi kimi fəaliyyət göstərib.
Vaxtilə U-19 yığmasına da rəhbərlik edən Əsədov iki il əvvəl A millinin “sükanı arxasında” müvəqqəti əvəzedici kimi 4 matç keçirib.
Yığmamız həmin qarşılaşmaların 2-də (Qazaxıstan – 3:2, Monqolustan – 1:0) qələbə qazanıb, 1 dəfə (Bolqarıstan – 1:1) heç-heçə edib, 1 dəfə isə (Albaniya – 1:3) məğlub olub.
SPORTİNFO.AZ

