Bu mövsüm Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edildi.
Qərarın qüvvəyə minməsindən sonra fikirlər haçalandı.
AFFA-nın addımını kəskin tənqid edənlər çoxluq təşkil etsə də, müəyyən kəsim alqışladı.
İkincilər arasında futbol mütəxəssislərindən çox funksionerlər, azarkeşlər və media mənsubları vardı.
Əsas arqument isə ondan ibarət idi ki, limit olanda yerlilər rahat olur. Məşqlərdə can yandırmır, inkişafa meyl salmır.
Üzərində çalışmır, intizamlı olmur.
İddia olunurdu ki, limitin ləğv edilməsindən sonra azərbaycanlı uşaqlar daha məsuliyyətli olacaq.
Oldu axı...
Hələ cəmi 1 mövsüm arxada qalıb.
Amma heç vaxt olmadığı qədər yerlilərin intizamsız davranışları ilə üz-üzəyik.
Hazırda ölkənin bir nömrəli futbolçusu Elvin Cəfərquliyev intizamsız davranışlarına görə Qurban Qurbanov tərəfindən "Qarabağ"dan qovulub.
Təcrübəli mütəxəssis onunla bərabər bir başqs yerli Abbas Hüseynovu da mövsümün həssas dönəmində əvəzedici komandaya göndərib.
"Sumqayıt"ın baş məşqçisi Saşa İliçin az qala hər mətbuat konfransında kapitan Səbuhi Abdullazadədən gileylənir.
O da düzəlmək əvəzinə "İmişli" ilə matçda əvəzlənəndən sonra serbiyalıya salam vermədi, ardınca su butulkasına təpik atdı.
Limitin ləğvindən sonra Turan Manafov CAR-a legioner həyatı yaşamağa getmişdi. Limitin ləğvinin tərəfdarları Qırğızıstana gedənləri olduğu kimi Manafovu da "gördünüz də məcbur qalıb legioner həyatı yaşamağa getdi. Bu da limitin faydası" deyənlər sonra niyəsə xatırlamadı.
Xatırladaq xəbəriniz olsun. Yarım il sonra vətənə qayıtdı.
Qış fasiləsində "Qəbələ"yə icarəyə gələn müdafiəçi son 4 görüşdə iştirak ərizəsində yer almırdı. Məlum olub ki, baş məşqçi Kaxaber Tsxadadze ilə dalaşan Manafov əsas komandadan qovulub.
"Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərovun FİFA Series-2026"nın "Syerra-Leone" ilə matçda rəqib futbolçuya sillə vurmasını isə yəqin ki, hamı xatırlayır.
Necədir, limitin ləğvindən sonra yerli oyunçuların sürətlə intizamlı olmağa can atmasından, daha istəkli olmasından, inkişaf etmək üçün daha çox can yandırmasından razısınız?
Dostlar, qardaşlar, əzizlər limitin ləğvi futbolçu yetişdirən, əhilləşdirən, dinə imana gətirən mexanizm deyil.
Bunu bu şəkildə sadə azarkeşlərə təlqin etmək olmaz.
Amma limitin olması bir futbol akademiyasının olmadığı ölkədə günü xilas etmək üçün yeganə yoldur.
Yüzlərlə Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Emil Səfərov, Mahir Emreli kimi azərbaycanlı istedadlardan ən azı 3-5-ni üzə çıxarmaq üçün yeganə sistem məhz limitin tətbiqidir.
Əks halda, 3-5 təsəllimizi də itirəcəyik.
Limitin ləğvinə yalnız normal akademiyalar qurulanda, elvinlərdən, bəhlullardan bir yox, 100 nəfər olanda getmək olar.
XANOĞLAN / SPORTİNFO.AZ

