Bizon Azərbaycan Kubokunun finalı yekunlaşdı.
Meydanda qalib gələn və məğlub olan komandalar oldu, tribunada isə sevinən və üzülən minlərlə azarkeş.
Oyunun idman tərəfi ilə bağlı hələ çox yazılar yazılacaq, taktiki və texniki təhlillər uzun müddət müzakirə olunacaq. Biz isə finalın daha çox təşkilatçılıq və əyləncə tərəfinə toxunmaq istəyirik.
Final oyunu göstərdi ki, futbol təkcə meydandakı 90 dəqiqə deyil. Futbol eyni zamanda insanların istirahəti, emosiyası, ailəsi ilə keçirdiyi vaxt və özünü rahat hiss etdiyi bir mühitdir.
Bu baxımdan final günü stadion ətrafında və stadionun daxilində yaradılan atmosfer xüsusi qeyd olunmalıdır.
Həm azarkeşlər, həm uşaqlar, həm də valideynlər üçün müxtəlif əyləncə proqramlarının təşkil olunması çox müsbət addım idi.
Fan-zonalarda qurulan oyunlar, interaktiv əyləncələr, müxtəlif hədiyyələr və uduşlar insanların oyundan əvvəl də stadionda vaxt keçirməsinə səbəb olurdu. Bu isə futbolun sadəcə oyun yox, bütöv bir tədbirə çevrilməsi deməkdir.
Stadionun oturacaqlarının təmiz vəziyyətdə olması, media sektorundakı səliqə, sanitar qovşaqların daim nəzarətdə saxlanılması və təmizliyi diqqətdən yayınmayan detallardan idi.
Ən vacib məqamlardan biri isə giriş-çıxış zamanı yaşanan rahatlıq idi. İnsanların uzun müddət sıxlıqda gözləməməsi, rahat şəkildə stadiona daxil olması böyük tədbirlər üçün çox önəmli faktordur.
Fiziki məhdudiyyətli insanlar unudulmamış, onlar üçün ayrıca giriş və oyunu rahat izləməkləri üçün xüsusi qapalı yer hazırlanmışdı. Media nümayəndələri üçün ayrıca girişin təşkil edilməsi də peşəkar yanaşmanın göstəricilərindən biri idi.
Bundan əlavə, stadionun müxtəlif hissələrində fəaliyyət göstərən satış nöqtələri həm əlçatan, həm də münasib qiymətləri ilə diqqət çəkirdi.
Bu cür detallar bəzən kiçik görünə bilər, amma azarkeş mədəniyyətinin formalaşmasında və insanların stadiona davamlı gəlməsində çox böyük rol oynayır.
Çünki azarkeş stadionda narahatlıq yaşayanda, özünü rahat hiss etməyəndə növbəti oyunlara gəlmək həvəsi azalır.
Amma insanlar rahat giriş görürsə, təmiz mühitlə qarşılaşırsa, ailəsi və övladları ilə təhlükəsiz və maraqlı vaxt keçirə bilirsə, stadion onlar üçün bir istirahət məkanına çevrilir. Bu isə futbolun inkişafı və kütləviləşməsi üçün ən vacib amillərdən biridir.
Ümumiyyətlə, son illərdə birbaşa PFL-in təşkilatçılığı ilə keçirilən oyunlarda təşkilati səviyyənin xeyli yüksəldiyini görmək mümkündür. Hətta düşünürəm ki, təşkilatçılıq baxımından ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlərdən geri qalmır.
Bu, artıq təsadüf deyil, sistemli və peşəkar işin nəticəsidir. Məhz buna görə hesab edirəm ki, PFL-in strukturunda sırf derbi və yüksək riskli oyunların təşkili ilə məşğul olan xüsusi bir şöbənin yaradılması faydalı olar.
Belə oyunlarda, həmçinin avrokubok qarşılaşmalarında klublarla birlikdə koordinasiyalı şəkildə daha yüksək səviyyəli təşkilatçılıq həyata keçirmək mümkündür.
Problemlər əvvəlcədən müəyyən edilər, çatışmazlıqlar birlikdə aradan qaldırılar və nəticədə futbolumuza azarkeş marağı oyundan-oyuna daha da artar.
Bir işi mükəmməl görmək üçün bir-birini başa düşən, eyni məqsədə xidmət edən və konflikt yaratmayan peşəkar kollektiv lazımdır.
Görünən odur ki, PFL bunu formalaşdırmağı bacarıb. Təbii ki, istənilən böyük tədbirdə müəyyən çatışmazlıqlar olur. Amma həmin çatışmazlıqlar kənardan hiss olunmursa, ümumi atmosferə təsir etmirsə, deməli görülən iş keyfiyyətlidir.
Biz çox vaxt tənqid edirik və etməliyik də. Amma düşünürəm ki, yaxşı görülən işləri də qeyd etmək, əməyi keçən insanlara təşəkkür etmək lazımdır.
Təşəkkürlər,PFL! Təşəkkürlər, finalın görünməyən qəhrəmanları!
SPORTİNFO.AZ

