Rəşad Sadıqov 4 kluba qarşı - Hələ belə şey olmamışdı

Rəşad Sadıqov 4 kluba qarşı - Hələ belə şey olmamışdı

Bu gün "Qarabağ"la "Neftçi"nin gözü "Palms Sports Arena"da olacaq. Meydanda isə "Sabah"la "Zirə" mübarizə aparacaq.

Son illər ölkə kubokunun finalının əhəmiyyəti bu qədər böyük olmayıb.

Həm "Qarabağ", həm də "Neftçi" azarkeşləri "Sabah"ın ölkə kubokunu qazanmasını dua edəcək.

Bu da səbəbsiz deyil.

"Bayquşlar"ın qələbəsi Ağdam klubunu Avropa Liqasına aparacaq. "Ağ qaralar" Premyer Liqanı hazırda qərarlaşdığı 4-cü pillədə tamamlayarsa, Konfrans Liqasında mübarizəyə qoşulacaq.

Yalnız bu halda iki illik avrokuboklar həyəcanı bitmiş olacaq.

"Sabah"ın qələbəsi hətta "Turan Tovuz" cəbhəsində də sevinclə qarşılanacaq. Bu halda bölgə klubu Konfrans Liqasına ikinci mərhələdən qoşulacaq.

Yox, "Zirə" həlledici qarşılaşmada qalib gələrsə, Avropa Liqasına gedən tərəf olacaq. "Qarabağ" Konfrans Liqasında mübarizəyə başlayacaqsa, Yuri Vernidubun komandası növbəti mövsüm barədə düşünməli olacaq. Tovuzlular isə Konfrans Liqasının əsas mərhələsində iştirak etmək üçün yola birinci təsnifat mərhələsindən başlamalı olacaq.

Əbəs deyil ki, oyuna maraq böyükdür. Satışa çıxarılan biletlər tükənmək üzrədir.

Bəlkə də tribunalarda "Sabah"la "Zirə"dən çox "Qarabağ" və "Neftçi" azarkeşləri yer alacaq. İki əzəli rəqibin fanatları Masazır təmsilçisinin qələbəsi üçün həmrəy olacaq.

Bəs şanslar necədir?

İlk öncə onu deyək ki, hər iki tərəf oyuna ideala yaxın heyətlə hazırlaşır. "Sabah"da uzun müddətdir zədəli Pavol Safranko, "Zirə"dən isə Enrike Kustodio matçı buraxacaq.

Kağız üzərində aşkar favorit "Sabah"dı.

Valdas Dambrauskasın yetirmələri əla mövsüm keçirir.

Sona 4 tur qalmış çempionluğunu təmin edib.

İndi isə məqsəd mövsümü qızıl dublla başa vurmaqdır. Bunun üçün litvalı mütəxəssisin əlinin altında yetərli heyət var.

"Kəpəz"lə son Premyer Liqa matçında əsas heyətin bir neçə üzvünə istirahət verilməsi də kollektivi həlledici görüşə daha yaxşı hazırlamağa hesablanmışdı.

Çempion olan komandanın psixoloji durumu barədə əlavə şərhə ehtiyac yoxdur.

"Zirə"də vəziyyət tam əksinədir. Qış fasiləsindən sonra "Kəpəz", "Şamaxı", "İmişli" kimi autsayderlərlə oyunlarda vacib xallar itirən qəsəbə təmsilçisi 4-cü pilləni əldən verib. Yuri Vernidubun gəlişindən sonra "Neftçi" aradakı 11 xallıq fərqi qapayıb, hətta 3 xallıq fərq belə yaradıb.

4-cü pillənin itirilməsi daxildə müəyyən gərginlik yaratmamış deyil.

Son iki turda liqada vəziyyəti dəyişmək ehtimalı çox aşağıdır.

Deməli, avrokuboklara getməmək təhlükəsi qapıdadır.

Amma futbolda belə bir deyim də var - finalların favoriti olmur.

Çox görmüşük ki, kağız üzərində şansı yüksək qiymətləndirilən komandalar sonda titulsuz qalıb.

Çox uzağa getməyək. Elə ötən mövsüm Premyer Liqanı 5-ci pillədə tamamlayaraq uğursuzluq yaşayan "Sabah" finalda çempion "Qarabağ"a qalib gəlmişdi.

"Zirə" üçün sayca üçüncü final olacaq. Əvvəlki iki finalda "qartallar" "Qarabağ"la bacarmayıb.

2021/22 mövsümünün həlledici görüşündə əsas vaxt 1:1 bərabərlik bitmiş və penaltilər seriyasında "Qarabağ" 4:3 qalib gəlmişdi.

2023/24 mövsümündə isə "Zirə" 2:1 hesabı ilə uduzaraq kubok qazanmaq şansını əldən verib.

Rəşad Sadıqov Azərbaycan kubokunda daha təcrübəli tərəfdir. Qısa müddətdə üçüncü finalına çıxacaq.

Amma baş məşqçilərin ümumi karyeralarına baxası olsaq, Valdas Dambrauskas həmkarından çox-çox öndədir.

Əcnəbi çalışdırıcı bir dəfə Latviya kubokunun üç dəfə Litva kubokunun, bir dəfə Xorvatiya kubokunun, iki dəfə Litva Superkubokunun, bir dəfə isə Bolqarıstan Superkubokunun qalibi olub.

Litvalı 4 ölkədə kubok qazanmağın yolunu tapıb. O, 5-ci cəhdini Azərbaycanda edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti