Valdas Dambrauskasla niyə bacarmaq olmur?

Valdas Dambrauskasla niyə bacarmaq olmur?

"Zirə" üçüncü cəhdində də ölkə kubokuna sahib çıxa bilmədi.

Amma çox yaxın idi.

Eren Aydının erkən qoluna sevinən "qartallar" 70-ci dəqiqəyə qədər bu üstünlüyü qoruya bildi.

"Sabah" həmin müddətdə əl-qolunu yanına salmamışdı.

Xüsusilə ilk hissənin son yarım saatı "Zirə" üçün ağır keçdi.

Nominal meydan sahiblərinin hücumları bir-birini əvəzləyirdi.

Gah dirək, gah da Tiaqo Silva qola mane olurdu.

Rəşad Sadıqov ikinci yarıya ikili əvəzetmələrlə başlayaraq rəqibin artan təzyiqinin qarşısını ala, azalda bildi.

Məsələn, Velko Simiçdə aktivlik aşağı düşdü.

Əvəzində Aron Maluda ardıcıl uzaqdan vurduğu təhlükəli zərbələrlə yadda qaldı.

Psixoloji üstünlük tədricən "Zirə" tərəfə keçdikcə "Sabah"ın qol axtarışları zəifləməyə başlayırdı.

Belə məqamda Mbina səhnəyə çıxdı.

Əvəzetmədən meydana daxil olan Rəhman Daşdəmirov topa ilk toxunuşunda məhsuldar ötürmə müəllifi oldusa, Mbina ilk toxunuşda fantastik qol vurdu.

Cərimə meydançasında ona bu rahatlığı verən Ruan Renato da buraxılan qolda az günahkar deyildi.

Amma qolu Mbinanın ustalıq səviyyəsi gətirdi.

Hər şeyin əlavə vaxta getdiyini düşündüyümüz anda Coy-Lens Mikels səhnəyə çıxdı.

Matç ərzində kölgədə qalan almaniyalı əla zərbə ilə topu uzaq küncə yolladı.

Ümumiyyətlə, hər iki qolda "bayquşlar"ın futbolçuları ortaya öz klasını qoydu.

Rəşad Sadıqovun yetirmələri layiqli mübarizə apardı. Əlindən gələnin artığını etdi.

Amma qarşındakı rəqib ustalıqda səndən çox öndədirsə, əzmkar mübarizə ilə çox uzağa getmək olmaz.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti