"Ümid edirik ki, AFFA rəhbərliyi bizimlə əməkdaşlıq edəcək"

13 Yanvar 2020 22:15 Azərbaycan Futbolu 1 163
"Ümid edirik ki, AFFA rəhbərliyi bizimlə əməkdaşlıq edəcək"

Sportinfo.az Almaniyada yeni yaradılmış "AZE Nakhchivan-Köln SK" klubunun prezidenti Aydın Karacanın müsahibəsini təqdim edir.

- Aydın bəy, mümkünsə, oxucularımıza özünüz barənizdə məlumat verərdiniz, harda yaşamısınız, nə ilə məşğul olmusunuz? Futbola gəlişiniz nə zamandan başladı? Avropada belə bir futbol komandamızın yaradılması bu işə rəhbərlik edən şəxs haqqındakı məlumat qədər maraqlıdır.

- Öncə məni oxucular tanıtmaq üçün azərbaycanlı qardaşlarımızla bizim aramızda körpü yaratdığınız üçün sizə təşəkkür edirəm. 1967-ci il iyunun 16-da Türkiyənin Akhisar qəsəbəsində dünyaya gəlmişəm. 1979-ci illərdə Almaniyaya ailəlikcə köç etdik. Burada orta məktəbi bitirdim və həyatımıza davam etdik. Futbola marağım isə kiçik yaşlarımdan olub. 7 yaşındaykən Türkiyədə futbol oynamağa başladım, artıq 11 yaşım olanda Almaniyanın "PSV-Köln" komandasında çıxış edirdim. 1995-ci ildə "Fatihspor" komandasını qurduq. Daha sonra bu komandanın adı dəyişib "JSV Köln-96" qoyduq. 1996-cı ildən bugünə qədər bu komandaya rəhbərlik edirəm. Bundan başqa, "Atletiko Köln-96" futzal komandamız da fəaliyyət göstərir.

- Necə oldu ki, Azərbaycan-Naxçıvan adı ilə komanda yaratmaq qərarına gəldiz? Niyə məhz Naxçıvan? Naxçıvanla sizi bağlayan hər hansı bir səbəb var?

- Bizim Avropada Türkiyə türkləri olaraq sayımız demək olar ki, 10 milyona yaxındır. Yalnız Almaniyada yüzlərlə Türkiyə adı ilə bağlı futbol komandalarımız fəaliyyət göstərir. Digər Avropa ölkələrini də bura qatsaq, belə klublarımızın sayı minə çatır. Apardığım araşdırmalara görə Avropada Azərbaycan adına peşəkar mənada fəaliyyət götərən klub yoxdur. Biz "AZE Nakhchivan-Köln SK" klubunu təsis etdiyimiz zamanlarda Avropada yalnız Avstriyada - paytaxt Vyanada "Qarabağ" klubu vardı. Aldığımız son məlumatlara görə, o klub da satılıb. Bu hal əlbəttə, təssüffedicidir. Arzu edərdik ki, Avropada Azərbaycan adında futbol klublarının sayı çoxalsın. Bu cür olması Azərbaycan futbolunun inkişafına ciddi töhfə verə bilər. Hazırda Avropada fəaliyyət göstərən peşəkar Azərbaycan klubu yoxdur. Biz də qərar verdik ki, Azərbaycanla bağlı olan futbol klubu təsis edək. Bununla bağlı bir araşdırma etdik. Sevindirici haldır ki, Ağdamın "Qarabağ" klubu artıq Avropada tanınır, Bakının güclü "Neftçi" və digər klubları var. Naxçıvan kimi qədim tarixi və zənginlikləri olan bir bölgənin beynəlxalq arenada tanınan futbol klubu yoxdur, eyni zamanda blokadada olan bu muxtar vilayətin tanınmasına ehtiyac olduğunu düşünürük. Naxçıvanın tanınması Azərbaycanın tanınması deməkdir. Həm də Azərbaycan tarixinə baxdığımız zaman bu bölgə həm tarixin, həm də tarixi şəxsiyyətlərin vətəni olub. İnanıram ki, komandamızla Avropada Azərbaycanın səsi daha güclü eşidiləcək.

- Perspektivdə hansı planlar var, məqsəd və hədəflər nədən ibarətdir?

- Futbolda səbr çox önəmlidir. Əgər gələcəyə hesablanmış uğur əldə etmək istəyirsinizsə, mütləq səbr etməlisiniz. İlk növbədə uşaq futbolunun inkişafı barədə düşünmək lazımdır. Bir çox komandaların uğursuzluqlarının əsas səbəbi aşağı yaş qruplarında uşaqları yetişdirib əsas heyətə gənc oyunçu verməməsidir. Bunun nəticəsində maddi potensial transferlərə sərf edilir. Bu da gələcək dönəmdə maliyyə sıxıntılarının yaranmasına səbəb olur. Biz əsas diqqəti gənc oyunçuların yetişməsinə, futbolçu bazasının formalaşdırılmasına yönəltmişik. Komandanı qurmaqda digər məqsədlərimizdən biri də Azərbaycanın futbol klubları üçün təlim-məşq mərkəzi formalaşdırmaqdır. Gələcəkdə Azərbaycan futbol komandaları Kölnə gələrək təlim-məşq toplanışlarını məhz bizim mərkəzimizdə həyata keçirə bilərlər. Bir sözlə, Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik. Bu, Azərbaycan klubları üçün də əlverişli imkan deməkdir.

- Bu yaxınlarda mətbuatda gedən məlumatlardan məlum olur ki, klubun akademiyasını qurmağa qərar vermisiniz. Avropada, xüsusən Almaniyada uşaq futbolunun inkişaf təcrübəsindən yararlanacaqsınız?

- Haqlısınız. Avropa uşaq futbolunda çox böyük yol qət edib. Bu anlamda Avropanın təcrübəsindən yararlanmamaq mümkünsüzdür. Niderlandın, xüsusən “Ayaks”ın təcrübəsindən faydalanmağı qərara almışıq. Avropanın digər komandaları ilə də əməkdaşlıq edərək onların da təcrübələrindən yararlanmaq istəyirik.

- AFFA ilə əməkdaşlıq etməyi planlaşdırırsınız?

- Bütün qurumlara qapımızın açıq olduğunu bəyan etmək istəyirəm. AFFA ilə əməkdaşlığa maraqlıyıq və bu məqsədlə AFFA rəhbərliyinə də müraciət etmişik. Ümid edirik ki, AFFA rəhbərliyi müraciətimizi müsbət dəyərləndirəcək və bizimlə yaxından əməkdaşlıq edəcək. Eyni zamanda media vasitəsilə Azərbaycan futbol klublarına da müraciət edərək onlarla əməkdaşlığa hazır olduğumuzu bəyan etmək istərdim. Bu arada ilk gündən komandamıza göstərilən diqqətdən və mənəvi dəstəyindən dolayı Naxçıvan MR rəhbərliyinə, Gənclər və İdman Naziri Azad Cabbarova təşəkkür edirəm.

- "AZE Nakhchivan Köln SK"nın rəsmi açılış mərasimini nə vaxta planlaşdırmısız?

- Açılışımız gələn ay - fevralın 15-də Almaniyanın Köln şəhərində keçiriləcək. Tədbirə bir çox alman futbol mütəxəssisi, başqa ölkələrin də futbol ekspertləri dəvət olunub. Klubumuzun strategiyası, məqsəd və vəzifələrini qonaqlarımıza və mediaya açıqlayacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!