Kadi, Laval, Buqrin, Vadji və “dəfn olunmaq” üçün vətənə qayıdanlar

15 Yanvar 2023 20:20 Azərbaycan Futbolu 1 735
Kadi, Laval, Buqrin, Vadji və “dəfn olunmaq” üçün vətənə qayıdanlar

Azərbaycan Premyer Liqası Avropa üçün futbol bazarına çevrilib.

İllər öncə belə bir ölkədə futbol çempionatının varlığından xəbərsiz olanlar indi diqqətini bura yönəldib.

Ötən il “Neftçi” Sabir Buqrinlə Mamadu Kanenin satışından pul qazandı, “Neftçi” İbrahima Vadjini “Sent Etyen”ə satdı. 2023 dünən gəlib və artıq çempionatımızın iki “sakini” satın alınıb.

“Qarabağ”lı Kadi Borges karyerasını Rusiya “Krasnodar”ında, “Neftçi”li Yusuf Laval isə Portuqaliyanın Premyer Liqa təmsilçisi “Arouka”da davam etdirəcək.

Deyilənə görə, Ovusu Kvabena da avropalıların diqqət mərkəzindədir.

Gözəldir, deyilmi? 15 il əvvələ qədər avrokubokların qrup mərhələsinə həsrətlə baxırdıq, əcnəbi futbolçular Azərbaycana yalnız pul qoxusuna gəlirdi. O da hər imkanda mümkün olmurdu.

Kadinin 5 milyon avroluq transfer qiyməti Azərbaycan klubu “Qarabağ”da görülən doğru işlərin nəticəsidir.

İndi hamını bir sual maraqlandırır ki, bəs, əcnəbilər çempionatımızı izləyirsə, niyə azərbaycanlı futbolçular ölkədən kənara çıxa bilmir? Niyə bizim Yusufumuz, Sabirimiz, Kadimiz yoxdur?

Var, əzizim var. Niyə yoxdur ki?

Namiq Ələsgərov hardaydı? Türkiyənin ən köklü klublarından olan “Bursaspor”da. Adam bir ilə yaxın Bursada yaşadı, qollar vurdu, məhsuldar ötürmələr verdi və yenidən Azərbaycana (pula) qayıtdı.

Namiq yüksək futbolçu keyfiyyətlərinə sahib olsaydı, ya da idmançı psixologiyası ilə türkləri valeh etsəydi, indi onu Super Liqada izləyirdik. Amma alınmadı, alındıra bilmədi. Qardaş ölkədə heç kimə lazım olmadan üstümüzə qayıtdı.

Yaxın keçmişdə Budaq Nəsirov adlı futbolçu var idi. O da böyük ümidlərlə Portuqaliyaya yola salınmışdı. “Sportinq”in əvəzedici komandasında top dalınca qaçmaq azərbaycanlı futbolçular üçün xülya olsa da, Budaq üçün reallığa çevrilmişdi.

Ronaldonun vətənində parlamaq, skautların diqqətini çəkmək üçün bundan gözəl şans ola bilməzdi. Komanda yoldaşı Merih Demiral bu gün “Atalanta”dadır, Budaqsa Allah bilir harda.

Fərid Nəbiyev olsun. “Qəbələ”nin akademiyasında yetişən, illər öncə futbolçu bacarığı ilə ölkəyə səs salan istedada Çexiyada “Slaviya” kimi köklü klubun qapıları açılmışdı.

Avropanın “göbəyində” bundan gözəl şans? “Slaviya”da çox duruş gətirmədi, aşağı liqa təmsilçisi “Viktoriya Jijkov”da parlamağı bacarmadı. Axırda suyu süzülə-süzülə vətənə - “Kəpəz”ə qayıtdı.

Mahir Emreli mövzusuna toxunmuram. Çünki o, bizim üçün ağrılı mövzudur. Adamın 26 yaşı olacaq, “Dinamo”nun ehtiyat oyunçular skamyasında oturub xoş gələcəyə ümid edirsə, deməyə söz yoxdur.

Deməyim odur ki, azərbaycanlı futbolçulara marağın olmaması fikrini başınızdan atın. Portuqaliya, Türkiyə, Çexiya, Polşa, Xorvatiya kimi ölkələrə ayaq açmaq hər oğula qismət olmur.

Kimlərə ki, qismət olub, adamlar şansdan yararlana bilməyib. Adamlar futbolçu xarakteri göstərməyib. Adamlar özləri özlərinə qəsd edib, “dəfn olunmaq” üçün Azərbaycana qaytarılıb.

Yaxşı ki, Borges, Laval, Kane, Buqrin, Vadji, Reynaldo, Ndlovu kimilərin hesabına klublarımız pul qazanır, səsləri yaxşı yerlərdən gəlir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti