"Mövsümün sonuna yaxın aydın oldu ki..." - MÜSAHİBƏ

1 Sentyabr 2021 13:00 Azərbaycan Futbolu 690
"Mövsümün sonuna yaxın aydın oldu ki..." - MÜSAHİBƏ

Ötən mövsüm Birinci Divizonda uzun müddət liderlik edən, amma sonda üçüncü yeri tutan "Turan Tovuz" mövsümün sonu baş məşqçi İlham Yadullayevlə yolları ayırdı.

Gənc mütəxəssis bu və digər məsələlərlə bağlı Sportinfo.az-a müsahibə verib.

- İlham müəllim, ötən mövsüm başa çatan kimi "Turan Tovuz"la yollarınızın ayrılmasına qərar verildi. Belə bir qərarı gözləyirdiniz?

- Məşqçi işi elədir ki, hər zaman buna hazır olmalısan. Sadəcə, çempionat bitəndən sonra əlaqə yaradılacağı deyildi. Amma çox təəssüf ki, alınmadı. Heç bir xəbər deyilmədi. Düzdü, mənə də bir qədər çətin idi. Bakıda yaşadığım üçün hər dəfə rayona get-gəl edirdim. Təbii bir şeydir. Daimi işləyəcəyin bir yer yoxdur.

- Yəqin ki, ötən mövsüm göstərdiyiniz nəticələri analiz etmək üçün vaxtınız çox oldu. Sizcə, mövsümün yekunun uğursuzluq kimi qəbul etmək olar?

- Uğursuz olduğunu deməzdim. Mövsümü pis keçirmədik. İlk turları məğlubiyyətsiz keçirdik. İlk pillədə qərar tutmuşduq. Mövsüm ərzində 2 ya 3 məğlubiyyətimiz oldu. Daha yaxşı nəticə də ola bilərdi. Müəyyən boşluqlar oldu ki, çempion ola bilmədik. Amma düşünürəm ki, üçüncü yer də pis nəticə deyildi.

- Deyəsən, "Turan Tovuz" rəhbərliyindən bir qədər inciksiniz...

- Yox, belə deməzdim. Açığı, mövsümün əvvəli qarşımıza qoyduğumuz məqsəd də yox idi. Əvvəlki mövsüm çempion olmuşduq. Amma ötən mövsüm də çempion olun sözü deyilməmişdi. Biz yüksək yer üçün mübarizə aparırdıq. Ancaq qismət belə gətirdi ki, üçüncü olduq.

- Neçə illərdi Birinci Divizonun qalibi Premyer Liqaya gəlmir. Bu şərtlər altında komandanı çempionluğa kökləmək çətin deyildi?

- Düzü, birinci dövrənin gedişində uşaqlar çox ümid edirdilər ki, Premyer Liqaya yüksələcəklər. Özlərini göstərmək istəyirdilər ki, növbəti il Premyer Liqa olsa onlarla da müqavilə imzalansın. Uşaqlara həm maddi, həm də psixoloji cəhətdən belə şeylər motivasiya idi. Ancaq çempionatın sonlarına yaxın aydın oldu ki, Premyer Liqaya yüksəlmək bizdən asılı deyil. Cavan uşaqlardı. Bəlkə də bu səbəbdən motivasiyaları azaldı. Hər zaman dəstək olurduq ki, Premyer Liqa üçün deyil, divizonada nəticə vermək üçün oynayırıq.

- Çempion ola bilməməyi həm də bu məqamla əlaqələndirmək olarmı?

- Razıyam, hardasa motivasiya bu səbəbdən aşağı düşdü. Uşaqlar Premyer Liqada oynamağı çox istəyirdilər. Digər tərəfdən, ehtiyat qüvvəmizin azlığı da sona kimi eyni tempdə getməyə imkan vermədi.

- Hazırda nə işlə məşğulsunuz? karyeranızla bağlı nə kimi yenilik var?

- Hələ heç bir yenilik yoxdur. Təkliflər gözləyirəm.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”