“Qarabağ” rəhbərliyi “Lex”lə oyunu stadionda izləyəcək azarkeşlərin işini rahatlaşdırıb.
Tofiq Bəhramov adına Respublika stadionunun giriş qapıları ənənəvi vaxtda – oyundan 2 saat əvvəl, 18:00-da açılacaq.
Öncəki mövsümlərdə arenaya daxil olmaq yalnız bir yerdən – “Gənclik” metrostansiyasının çıxışındakı əsas qapıdan mümkün idi ki, bu da sıxlığın və narazılığın yaranmasına səbəb olurdu.
“Lex”lə oyundan etibarən artıq digər giriş qapısı azarkeşlərə xidmət edəcək. Belə ki, stadionun arxa hissəsindəki B girişi - ADA universiteti tərəfdən olan qapılar saat 18:00-dan açılacaq.
11-27-ci sektorlara bilet alan azarkeşlər arenaya A girişindən, 1-10-cu, eləcə də 29-38-ci sektorlara bilet alan futbolsevərlər isə B girişindən daxil ola biləcək.
C girişi isə oyuna akkreditə olunmuş şəxslər, media nümayəndələri və Polşadan gəlmiş qonaq fanatlar üçündür.
Ağdam təmsilçisi sosial şəbəkə hesablarında paylaşdığı videomaterial ilə fanatları saat 20:00-da başlayacaq matça 2 saat əvvəl gəlməyə çağırıb.
Stadionda görüşdən əvvəl - saat 18:30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq.
Həmçinin "Bakı Metropoliteni" QSC oyunla əlaqədar bu gün gücləndirilmiş rejimdə işləyəcəklərini bildirib.
SPORTİNFO.AZ

