
“Qarabağ” növbəti sınaq qarşısındadır.
Çempionlar Liqasındakı təmsilçimiz Liqa mərhələsinin II turunda Bakıda “Kopenhagen”i qəbul edəcək.
Ötən mövsüm Konfrans Liqasının Liqa mərhələsini uğurla dəf edən Danimarka təmsilçisi pley-offda “Çelsi” səddində dayanıb.
Cari mövsümdə isə ÇL-in təsnifat mərhələlərində “Drita” (Kosovo), “Malmö” (İsveç) və “Bazel”i (İsveçrə) mübarizədən kənarlaşdıraraq əsas mərhələyə yüksəlib.
“Kopenhagen” ilk turda doğma meydanda Leverkuzen “Bayer”i ilə bərabərə qalaraq (2:2) rəqiblərinə “asan yem” olmayacağını sübut etdi.
“Şirlər”in avrokuboklardakı ən böyük uğuru iki dəfə (2010/11, 2023/24) Çempionlar Liqasının əvvəlki formatında qrup mərhələsindən 1/16 finala yüksəlməsi olub.
“Kopenhagen” hər nə qədər ciddi rəqib olsa da, şişirdiləcək komanda deyil. Xüsusən səfər oyunlarındakı nəticələri belə düşünməyə əsas verir.
Danimarka nəhəngi ötən mövsümdən bu yana səfərdə 11 oyun keçirib ki, bunların 4-də qələbəyə sevinib.
Maqpies (Cəbəllütariq) – Kopenhagen – 0:3
Dinamo (Minsk, Belarus) – Kopenhagen – 1:2
Haydenheym (Almaniya) – Kopenhagen – 1:3
Drita (Kosovo) – Kopenhagen – 0:1
Səfərdəki son 11 matçın 3-də məğlubiyyət acısı yaşayan “Qarabağ”ın rəqibi 4 halda heç-heçə oynayıb. “Kopenhagen” son 4 qarşılaşmada yalnız 1 qələbə əldə edib və son 2 görüşdə qələbə qazana bilməyib.
Statistikadan da göründüyü kimi, danimarkalılar səfər oyunlarında “Qarabağ”a tay tutula bilməyəcək rəqibləri üstələyib. Hər halda Cəbəllütariq, Belarus və Kosovo çempionlarını “köhlən atlar”la tərəzinin eyni gözünə qoya bilmərik.
Yalnız Bundesliqa təmsilçisi “Handenheym”lə Alaniyadakı qarşılaşmada 3:1-lik zəfər diqqət çəkə bilər.
Odur ki, bu rəqibdən çəkinməyə gərək yoxdur. “Qarabağ” iki həftə əvvəl Lissabonda göstərdiyi oyunu ortaya qoya bilsə, meydanı növbəti 3 xalla tərk edəcək.
Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ