«Mingəçevir»in məşqçi korpusu bəlli olub.
Bir müddət əvvəl komandanın başına gətirilmiş Elman Sultanov özünə 2 köməkçi götürüb.
Samir Məmmədov fiziki hazırlıq üzrə yardımçı funksiyasını yerinə yetirəcəksə, Elnar Kərimov qapıçılara məsuliyyət daşıyacaq. Ola bilsin ki, bu say yaxın günlərdə yenə artsın.
«Mingəçevir» ötən mövsüm Premyer Liqanın qapısından son anda dönüb. I Liqada ikinci yeri tutan «işıqçılar» pley-off görüşündə «Qəbələ»yə uduzub.
Sumqayıtda keçirilən həmin oyunda elitanın 11-cisi onlara 2 cavabsız qol vurub.
Son 3 ayda isə Mingəçevirin eyniadlı təmsilçisində çox dəyişiklik yaşanıb. Vüqar Hüseynzadə icraçı direktor, Ramiz Məmmədov da baş məşqçi korpusunu tərk edib.
Böyük problemlər isə yenə qalmaqdadır. Rafael Bünyatovun kurasiyasında olan klubun məşqçilərə, futbolçulara və işçi heyətinə üst-üstə 250 min manata yaxın borcu mövcuddur.
Adnan Əhmədzadənin yaxın dostu 1001 bəhanəylə klub camaatının pulunu qaytarmaqdan yayınır.
Odur ki, əli qələm, yaxud imkanı vəkil tutmağa çatan «işıqçılar»ın demək olar hamısı AFFA-ya şikayət ünvanlayıb.
SPORTİNFO.AZ
