Kamilo Duran Şotlandiyada xarüqələr yaradır.
“Qarabağ”ın ötən yay “Seltik”ə satdığı kolumbiyalı hücumçu yeni komandasının əsas simasına çevrilməyi bacarıb.
“11-lik”də özünə yer edən Kamilo qolları sıralayır, qol ötürmələri verir.
Şotlandiya çempionatında şans qazandığı 2 matçda rəqib qapılarına yol tapa bilməsə də, assist müəllifi olub. Çempionlar Liqasında 1 oyunda dubl edib, Şotlandiya kubokunda 1 matçda 1 qol vurmağı bacarıb.
Ümumilikdə 4 görüşdə 3 qol və 1 məhsuldar ötürmə.
Şotlandiyada mövsümün kəşfi kimi qələmə verilən Duranın adı dillər əzbəridir. Uşaqdan-böyüyə hamı ondan danışır, tərif yağdırır.
Britaniyalı jurnalist “Seltik”in məşhur baş məşqçisi Martin O’Neyllə belə bir sual ünvanlayıb:
-Mən Kamilo Durán haqda bir az daha çox bilmək istəyirəm. Bu gün onun bacarığını açıq şəkildə gördük (söhbət “Seltik” – LASK oyunundan sonra olub – 3:0 – H.). Maraqlıdır, onun xarakteri necədir? Ağıllı oğlana oxşayır.
Uzun illər İngiltərə Premyer Liqasında “Norviç”, “Lester”, “Aston Villa”, “Sanderlend”, “Nottingem Forest” kimi klubları çalışdırmış, uzun illər İrlandiya millisinə rəhbərlik etmiş 74 yaşlı mütəxəssis sabiq “Qarabağ”lının ünvanına tərif yağıdırıb:
“Möhtəşəm futbolçudur. Həqiqətən də möhtəşəmdir. Bilirsiniz, biz onu xeyli əvvəl kəşf etmişdik və həmin vaxt onu daha tez transfer etməyə çalışmışdıq. Nəhayət, onu burada görməkdən çox məmnunam. O, həm insan, həm futbolçu kimi möhtəşəmdir.
Özünə dedim ki, hazırda onun dünya səviyyəli futbolçu olduğunu demirəm. Amma onu deyə bilərəm ki, bu gün göstərdiyin performans hər mənada dünya səviyyəsində idi.
Söhbət təkcə vurduğu qollardan və rəqibləri keçməsindən getmir. O, geri qayıdır, müdafiəyə kömək edir. Əgər mən müdafiəçi kimi oynasaydım, qarşımdakı futbolçunun o olmasına çox sevinərdim. Çünki mənim işimə də kömək edərdi”.
HƏBİB / SPORTİNFO.AZ
