Görərsiz, bu “Hapoel” “Sabah” üçün “asan yem” olacaq!

16:40 Araşdırma 225
Görərsiz, bu “Hapoel” “Sabah” üçün “asan yem” olacaq!

“Sabah” Çempionlar Liqasının əsas mərhələsinin qapısındadır.

İlk təsnifat mərhələsindən başlayaraq TNS (Uels), “KuPS” (Finlandiya) və “Orhus” (Danimarka) kimi çempion komandalarını mübarizədən kənarlaşdıran “bayquşlar” pley-offda “Hapoel Beer Şeva” ilə göz-gözə dayanıb.

Əlbəttə, rəqibin İsrail təmsilçisi olması müəyyən mənada işimizi çətinləşdirə bilər. Lakin unutmamalıyıq ki, elə həmin “Sabah” 2 il əvvəl “Makkabi Hayfa” səddini keçməklə hər kəsi şoka salmağı bacarmışdı.

Klubların ümumi vəziyyətinə baxsaq, sözsüz, “Hapoel”in avrokubok təcrübəsi “Sabah”la müqayisədə zəngindir. Təkcə bir faktı xatırlatmaq yerinə düşər.

Beer Şeva 1976-cı ildən bu günə qədər avrokuboklarda 106 oyun keçirib. Bunların 38-də qaələbə qazanıb, 31-də heç-heçə oynayıb, 37 halda isə məğlubiyyət acısı yaşayıb.

Yaxın keçmişə, yəni son 10 ilə nəzər salsaq, “Sabah”ın rəqibi hər il avrokuboklara vəsiqəni təmin edib. Təkcə təmin etməklə kifayətlənməyib, həm də bəzi hallarda yaxşı mənada təəccübləndirib. 3 dəfə Avropa Liqasının, 1 dəfə isə Konfrans Liqasının qrup mərhələsinə qədər irəliləyib.

Hətta bir dəfə 2016-17 mövsümündə qrup səddini aşaraq 1/32 finalda “Beşiktaş”a rəqib olsa da, Türkiyə səddi keçilməz olub.

Bütün bunlara baxmayaraq, son dövrləri “Hapoel” üçün uğurlu adlandıra bilmərik. “Qırmızılar” 2022-ci ildən bu yana, yəni bundan əvvəlki üç sezonun hamısında uğursuzluqla üzləşib.

2023-cü ilin yayında Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Litva “Panevejis”ini üstələsə də, növbəti etapda Bolqarıstan “Levski”sinə “ilişib”.

2024-cü ilin yayında yenə Konfrans Liqasından və yenə 2-ci təsnifatdan başlayıb. Bu dəfə Bolqarıstanın “Çerno More”sini adlamaq mümkün olub. 3-cü raundda Çexiyanın “Mlada Boleslav”ı “Hapoel”ə sevinmək imkanı verməyib.

2025-ci ilin yayına boylansaq, Avropa Liqasında mübarizə aparan İsrail təmsilçisi 1-ci mərhələdə yenə “Levski”nin qarşısında üzüqara olub. Bolqarlara uduzaraq Konfrans Liqasının 2-ci raunduna yuvarlanıb, burada da yolunu Yunanıstan AEK-i kəsib.

Bu illər ərzindəki nəticələrə nəzər salanda, “Hapoel”in İtaliya “İnter”i, Fransa “Nitsa”sı, Çexiya “Slaviya”sı, Polşa “Şlask”ı, İsveçrə “Luqano”su, Avstriya “Austriya”sı üzərində parlaq qələbələri var.

Lakin Beer Şevanın avrokuboklardakı ümid yeri əvvəlki günlərindən çox uzaqdır. Təbii, əsas amillərdən biri rəqiblərini İsraildə doğma azarkeşlərinin önündə qəbul edə bilməməsidir. Bu məqam hər bir halda komanda üzvlərinə təsir edir.

Odur ki, “Sabah”ın “Hapoel”i hər iki matçda məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi kifayət qədər real və inandırıcıdır. “Levski”, “Mlada Boleslav”, AEK bacarıbsa, “Sabah” niyə öhdəsindən gəlməsin?

İlk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab qarşılaşması avqustun 26-da Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti