"Qarabağ" sürətlə dəyişir, Azərbaycan futbolu itirir... ŞOK MƏQAM!

16:00 Qarabağ 311
"Qarabağ" sürətlə dəyişir, Azərbaycan futbolu itirir... ŞOK MƏQAM!

“Qarabağ” ötən mövsüm Azərbaycan Kubokunu və ölkə çempionluğunu əldən verdi.

Ardınca yayda avrokuboklarda mübarizəni də erkən dayandırdı.

Təbii ki, komandanın son nəticələrinin kökündə müxtəlif səbəblər dayanır. Onlardan biri də legioner siyasətindəki dəyişiklikdir.

Qurban Qurbanov uzun illər “Qarabağ”da yerli futbolçularla əcnəbilərin vəhdətindən güclü komanda formalaşdırmışdı.

Bu model həm Premyer Liqada çempionluq qazanmağa, həm də avrokuboklarda uğurla mübarizə aparmağa imkan verirdi.

Həm də Azərbaycan millisi bu sistemdən öz payını alırdı.

“Qarabağ”ın uğurlarında Qara Qarayev, Maksim Medvedev, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Mahir Emreli, Rəşad Sadıqov, Elvin Məmmədov, Vaqif Cavadov, Rauf Əliyev, Əfran İsmayılov kimi yerli futbolçuların da böyük payı oldu.

Lakin legioner limitinin aradan qaldırılması ilə Azərbaycan futbolunda rəqabət qaydaları dəyişdi.

İddialı klublar daha çox əcnəbi futbolçu gətirməyə başladı. Xüsusilə “Sabah” həm əsas, həm də ikinci heyətini böyük ölçüdə legionerlər hesabına formalaşdırmaqla bu istiqamətdə yeni mərhələnin əsas nümunələrindən birinə çevrildi.

Belə vəziyyətdə “Qarabağ”ın da dövrün tələblərinə uyğun olaraq strategiyasını dəyişməsi qaçılmaz idi.

Qurban Qurbanov artıq yalnız yerlilərlə legionerlərin vəhdətindən ibarət komanda qurmaqla kifayətlənmir. O, müəyyən mənada legionerlərin üzərində qurulan yeni “Qarabağ”ın təməlini atır.

Amma bu proses zaman tələb edir.

Bir anda komandanın əsas onurğa sütununu təşkil edən 5-6 yerli futbolçudan imtina edib onların yerinə əcnəbiləri gətirmək heç də asan deyil.

Yeni futbolçuların bir-birinə, məşqçinin oyun fəlsəfəsinə və sisteminə uyğunlaşması üçün vaxt lazımdır. Ona görə də bu gün “Qarabağ”ın əvvəlki “Qarabağ” olmaması müəyyən mənada təbii prosesdir.

Əslində, Qurban Qurbanov “Qarabağ”da yeni mərhələnin təməlini qoyur. Bəlkə də yaxın gələcəkdə daha güclü, daha rəqabət qabiliyyətli və daha əzəmətli “Qarabağ” görəcəyik.

Amma bu dəyişimin bir başqa tərəfi də var.

Bu prosesdən ən böyük zərər çəkən yenə Azərbaycan futbolu ola bilər.

Çünki “Qarabağ”ın yeni modelində yerli futbolçular üçün əvvəlki qədər geniş yer olmayacaq.

Bəlkə də vaxtilə bu klubun formasını geyinərək Azərbaycan futbolunun simasına çevrilən Qara Qarayev, Maksim Medvedev, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rauf Əliyev, Əfran İsmayılov kimi futbolçuların yetişməsi və parlaması daha çətin olacaq.

Bəlkə heç olmayacaq!

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti