“Qarabağ”a F5 - Refresh!

21:20 Qarabağ 144
“Qarabağ”a F5 - Refresh!

Sərlövhədəki hərf və rəqəm ofis işində çalışanların gün ərzində ən çox ehtiyac duyduğu düymədir.

Həmin döyməyə basanda səhifə yenilənir, məlumatlar təzələnir. Refresh etmək də elə yeniləmək deməkdir.

“Qarabağ”da “qan dəyişikliyi”nin vaxtı yetişmişdi.

2017-ci ildə Çempionlar Liqasına vəsiqə qazanan komandanın üzvləri – Riçard Almeyda, İbrahim Şehiç, Dino Ndlovu, Pedro Enrike kimi aparıcı simalar təkliflər bolluğunda “üzdüyü” və komandanı tərk etdiyi kimi, bu dəfə eyni yolu Kevin Medina, Leandro Andrade, Kamilo Duran, Toral Bayramov, Abdullah Zubir kimi əsas futbolçular tutdu.

Ötən mövsüm Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan komandanın üzvlərinə dünyanın hər yerindən zəng gəlirdi. Uzaq ABŞ-dan, pulların su yerinə axdığı Asiyadan, Avropanın imkanlı klublarından. Belədə onların “Qarabağ”da qalaraq oyunlara köklənməsi çətin, bir o qədər də mümkünsüz görünürdü.

Klub rəhbərliyi baş məşqçi Qurban Qurbanovun razılığına əsasən bəzilərini yaxşı qiymətə satmağı, bəzilərini pulsuz buraxmağı qərara aldı. Buna həqiqətən ehtiyac var idi.

Və beləliklə, “Qarabağ” son 17 ilin ən qabaritli “refresh”ini etdi. Yay fasiləsində 9 futbolçu komandanı tərk etdi, əvəzində 8 nəfər kollektivə qoşuldu. Bu, “Qarabağ”ın 40 faiz yenilənməsi demək idi.

Sözsüz, yeni gələnlər uyğunlaşma dövrünü tez başa vursaydı, Zakaria Savo ilə Elvin Cəfərquliyev zədələnməsəydi, Renaldo Sefas baş məşqçinin sərəncamında olaydı, yaxşı mənada nəyəsə ümid etmək olardı.

Lakin bu vəziyyətdə “Tvente”ni keçmək həqiqətən müşkül məsələydi. Niderlandlılar cütün taleyini ötən həftə öz meydanında həll etməliydi. Sadəcə şansları boşa verməklə qapısında gözlənilməz qol gördü və sonradan özünə gələ bilmədi.

“Qarabağ”ın ardıcıl 13-cü il avrokubokların qrup mərhələsinə vəsiqıə qazanmaq arzusu baş tutmadı. “F5”dən sonra bu cür pauza mütləq idi.

İndi isə toparlanmaq, yeni transferlərlə boşluqları doldurmaq, yeni gələnlərin tam uyğunlaşmasına nail olmaq və növbəti yayı gözləmək lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti