Avrokuboklarda 3 azərbaycanlı, 2 qol – Bu, nə gözəllikdir belə?

18 Avqust 23:00 Araşdırma 244
Avrokuboklarda 3 azərbaycanlı, 2 qol – Bu, nə gözəllikdir belə?

Cari avrokubok mövsümü azərbaycanlı futbolsevərlərin üzünü güldürməkdədir.

Avropada mübarizə aparan iki klubumuz – “Sabah” Çempionlar Liqasının, “Qarabağ” isə Konfrans Liqasının qrup mərhələsinə qədər irəliləməyi bacarıb.

Sevindirici məqam həm də azərbaycanlı futbolçuların avrokuboklarda çıxış etməsidir. Söhbət “Qarabağ”la “Sabah”ın heyətindəki azərbaycanlılardan yox, legioner həyatı yaşayan həmyerlilərimizdən gedir.

Mahir Emrelinin şərəfini qoruduğu “Rakuv” (Polşa) Konfrans Liqasında mübarizə aparır. Azərbaycan millisinin şərəfini qoruyan hücumçu komandasının keçirdiyi 4 oyunda – 2-ci və 3-cü təsnifat mərhələsinin qarşılaşmalarında meydanda olub.

3 dəfə start heyətində yer alan Emreli 1 dəfə oyuna əvəzetmədən qoşulmaqla 267 dəqiqə meydanda olub. “Valletta” ilə dueldə qol vuran 29 yaşlı futbolçu “Hammarbü” ilə görüşdə sarı vərəqə ilə cəzalanıb.

Zamiq Əliyevin formasını geyindiyi “Eqnatia” (Albaniya) mövsümə Çempionlar Liqasında start verib “Petrokub” səddini keçmiş, 2-ci təsnifatda penalti seriyasında “Çelye”yə məğlub olmuşdu.

Zamiq hərbi xidmətlə bağlı yaşadığı problemə görə Albaniya təmsilçisinin düşərgəsinə vaxtında qoşula bilmədiyindən, bu oyunlarda iştirak etməmişdi.

Avropa Liqasının 3-cü məthələsində “Şemrok Rovers”lə qarşılaşan “Eqnatia” bu ay keçirilən hər iki oyunda Zamiqin xidmətinə ehtiyac duyub. Birində 69, digərində 45 dəqiqə şans qazanmaqla ümumilikdə 114 dəqiqə meydanda olub və 1 sarı vərəqə ilə diqqət çəkib.

Murad Məmmədovun çıxış etdiyi “Pafos” (Kipr) mübarizəyə Avropa Liqasının 2-ci təsnifat mərhələsindən başlayıb “Hayduk”u vurulan 6 cavabsız qol hesabına keçmişdi. Növbəti mərhələdə güclü “Zalsburq” səddini keçmək mümkün olmamışdı – 0:1, 3:3.

20 yaşlı həmyerlimiz 4 oyunun 3-də baş məşqçinin etimadını qazanmaqla bütün hallarda meydana sonradan daxil olub. 56 dəqiqə meydanda olmasına baxmayaraq, “Zalsburq”un qapısına vurduğu qolla “Pafos” azarkeşlərinin ürəyinə yol tapmağı bacarıb.

Təbii ki, azərbaycanlı futbolçuların xarici klublarda yer alması xoş haldır. Bu azmış kimi, mütəmadi meydana çıxır, hətta avrokubok hıftəsində soyadlarını tabloya yazdırırlar.

Onların daim oynaması, heç şübhəsiz, ən çox millimizin baş məşqçisi Ayxan Abbasovu sevindirir. Qarşıda Litva və Lüksemburqla önəmli oyunların olduğunu nəzərə alsaq, legioner futbolçular yığmaya fayda verəcəkləri dəqiqdir.

Maraq üçün bildirək ki, “Rakuv”la “Eqnatia” kimi, “Pafos” da avrokubok mübarizəsini davam etdirir.

Mahirin komandası Konfrans Liqasının pley-off mərhələsində “Hayduk”la, Zamiqin çıxış etdiyi “Eqnatia” Avropa Liqasının pley-offunda “Lilleström”, Muradın oynadığı “Pafos” Konfrans Liqasının pley-off mərhələsində “Dinamo Siti” ilə üz-üzə gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!
18 Avqust 00:40 O da sponsor arzulayır