Legioner limitinin ləğv olunduğu ikinci mövsümdə yeddi yerli ilə meydana çıxmaq…
Bunun üçün gərək ya şir ürəyi yemiş olasan, ya da canavar.
Bu boyda riskə getmək, onun məsuliyyətini daşımaq həqiqətən adamdan ürək tələb edir.
O ürək Kamran Eyyubovda var. Jorj Kaşkilyanın «İmişli»dən getməsinin ən başlıca səbəbi azərbaycanlı oyunçulara barmaqarası münasibəti olub.
Burada çalışdığı 1 il ərzində əsas heyətdə bir-iki yerliyə şans tanıdı, hətta mövsümün axırında, komandanın çempionatda yerini təmin etməsindən sonra belə, bu «ənənə»ni pozmağa həvəsli görünmədi.
Fərid Namazov rəhbərliyi dinləmək, onların fikrini nəzərə almaq mənasında dərsini portuqaliyalı həmkarından yaxşı oxuyub.
Gənc məşqçidir, Premyer Liqada işləmək, qalıcı olmaq, özünü göstərmək, ad qazanmaq istəyir.
Yuxarı dairələrdə dəstəkçilərinin sayı da az deyil, eyni zamanda başa düşür ki, gündəlik iş əsnasında münasibətləri qaydasında saxlamasa, «val» tez fırlanacaq.
Kamran Eyyubova isə yerliləri oynatmağa görə AFFA-dan gələcək bonus bir o qədər maraqlandırmır.
Şəxsin niyyəti az-çox perspektivi olan cavanları Premyer Liqaya çıxarmaq, tanıtmaq və bazarlamaqdır.
Bu da bir iş adamı olaraq onun biznes yanaşmasıdır. Belə pis çıxmasın, bir güllə ilə iki dovşan vurmağın nəyi pisdir ki?
ELNUR
